Tibet tülküsü üzdən mənə sanballı, ağır xasiyyətli daydayı xatırladır. Tüklü yaxalığının hesabına kvadratbaş kimi görsənən bu ağır ceyil əslində elə də yekə deyil: bədəni 60-70 sm, tüklü quyruğu da üstəlik 30-40 sm. Çəkisi də 4-5,5 kq. Xasiyyəti də qızıldı. Yazacam.

Üz ifadəsi elə sakit və tərki-dünya olub nirvanada var-gəl edən fason olur ki, sanki bütün günü meditasiya edir. Tibet əhli başqa cür ola da bilməz.

Amma əslində yazığdılar e. Onların yaşadıqları ərazilərdə (Tibet yarımsəhraları, gözdənuzaq çölləri, şimal-qərbi Hindistan, Nepal) yayda +30 C, qışda -40 C temperatur, tez-tez əsən güclü külək olur. Yedikləri, əsasən, fitçalan balaca dovşanlardı, onu da tülkülərə çox görüb insanlar qırıb-çatırlar ki, ziyanvericidirlər. Adi dovşanlar kompleks hissi yaşamasın deyə onları da basıb yeyirlər. Həmçinin kiçik həşəratları, kərtənkələləri, giləmeyvə, arabir desert kimi leşləri də.

Çox ehtiyatlı olduqlarından və yaşadıqları ərazilərə gedib çıxmaq müşkül məsələ olduğu üçün Tibet tülküsünün vəhşi təbiətdə ilk məşhur video görüntüləri yalnız 2006-cı ildə BBC-nin Planet Earth serialında yayımlanmışdı.

Bir dəfə ailə qurub müştərək həyata start verirlər. Ova da bir çıxırlar, yeyib-içməkləri ilə də bir-biriləriylə bölüşürlər. Dişi 50-60 günlük hamiləlik dövründən sonra öz yuvasında dünyaya 60-120 qramlıq 2-5 bala gətirir və uzun müddət qayğılarına qalır. Balalar balaca olanda ailəni ərzaqla təmin etmək yükünün xeyli hissəsi erkəyin kövrək çiyinlərinə düşür. Bir neçə həftədən sonra balalar yuvadan çıxır, amma yenə analarının balağından əl çəkmirlər. 8-10 aylığına kimi valideyn himayəsindən eninə-uzununa istifadə edirlər.

Deyib-gülməklə araları yoxdur. Çox nadir hallarda ailə daxilində sakit səslə hal-əhval tuturlar. Ümumiyyətlə ərazi davasına meylli deyillər. Hətta eyni ov sahəsini də xalxın tibet tülküsüylə böyük məmuniyyətlə bölüşürlər.

İdeal şəraitdə 8–10 il yaşaya bilirlər, amma təbiətdə çoxu 5 yaşına çatmamış həyatla vidalaşırlar. Ev və sahibsiz itlərinin hücumu, insanlar tərəfindən ovlanmaları, bir də əsas yeməkləri olan gəmiricilərin kütləvi zəhərlənməsi həyatlarını xeyli çətinləşdirir. Bununla belə, Tibet tülküsü hələlik nəsli təhlükədə olan növ sayılmır — IUCN hesab edir ki, hələlik nəsli təhlükə altında sayılmır.