A closeup portrait of a cougar.

Puma da Ginnesin Rekordlar Kitabına bir neçə dəfə düşüb. Ən çox adı olan heyvan olduğuna görə həm də. Puma, dağ aslanı, kuquar və s. – bunlar hamısı bircəcik pumanın adlarıdır. Təkcə ingilis dilində 40-dan çox adı var: puma, cougar, mountain lion, panther, catamount, painter, deer tiger və s.

Üstəlik, puma Ginnesə tək buna görə düşməyib. Guinness onu “əsl böyük pişiklərə aid olmayan ən iri pişik növü” kimi də qeyd edir; dünyada pələng, şir və yaquardan sonra ölçüsünə görə dördüncü böyük pişikdir. Yeri gəlmişkən, əsl böyük pişiklərə şir, pələng, yaquar, bəbir, qar bəbiri aiddirlər.

Amma ola bilməz ki, o boyda puma ancaq elə çoxadlılığına görə zad olsun. Görək day nə kimi gözəgəlimliyi var?

Yaquardan sonra Amerikada ölçüsünə görə ən xod gedəndir puma. Pişikkimilər arasında şimaldan cənuba ən geniş yayılanlardan yox, lap rekordçusudu: Alyaskadan və Kanadanın Yukonundan başlayıb Cənubi Amerikanın o başınadək — təxminən 14 400 kilometr.

Böyük fərdlərin boyları 60-76 sm, uzunluqları 1,5-2,75 metrədək olur. Erkəklər, adətən, 53-100 kq, dişilər 29-64 kq olurlar.

Hər 2-3 ildən bir ana olan dişi pumalar 2-2,5 yaşına çatanda subaylıqla sağollaşıb ailə qururlar. Erkəylərinsə göz-başı 3 yaşında qaynamağa başlayır. Ailə qururlar deyəndə ki, balaların təməli qoyulan moment uşaqlarının atası yerli-dibli yoxa çıxır, çünki il ərzində bir neçə dişi pumaya analıq hissi bəxş etməlidir. Əhd eləyib. Amma 90 gündən sonra doğulan körpələr tam arxayın böyüyürlər, çünki anaları ağına-bozuna baxmadan balalarının daima qayğısına qalır, hər yoldan keçən heyvanın bəd nəzərindən, iti dişindən qoruyurlar.

Təbiətdə insanlardan başqa düşmənləri də yoxdur pumaların. Buna baxmayaraq yaşadıqları ərazilərdə tam sərbəst şəllənib qaz-vurub-qazan doldurmurlar. Çünki böyrü-başında ayı və canavar kimi “mənəm-mənəm” deyən qonşuları da var. Ayaqları ən irilərdəndir pişikkimilər arasında.

Elə onların hesabına da böyük məsafədə şikarlarının üzərinə tullana bilirlər. Ayaqları da maşallah, pişikkimilər arasında ən güclülərdəndir. Bir sıçrayışla üfüqi 12 metrə yaxın məsafə qət edə bilir. Ginnesdə isə yerindən 7 metr hündürlüyə tullanan puma qeydə alınıb. 60-70 km/saat sürətiylə qaçırlar. Amma qısa məsafədə. Uzun-uzadı qaçanlara pis baxırlar.

Pumalar əsasən tək yaşayırlar. Əsas istisna ana və hələ müstəqilləşməmiş balalarıdır — balalar təxminən 1–2 il analarının yanında qala bilirlər.
Adamlara da hücum edirlər. Arabir. Son 100 ildə Şimali Amerikada pumalar insan övladına 130-ca dəfə hücum edib və bunun da 29 dəfəsində insan elə o gedən gedib.
18-20 ilədək yaşayırlar.

Hepard kimi puma da nərə çəkə bilmir. Ölçüsünə baxmayaraq şir, pələng, yaquar və leopard kimi nərildəmir. Əvəzində mırıldaya, fısıldaya, miyoldaya və xüsusilə dişilər adamın tüklərini biz-biz edən qışqırıqvari səslər çıxara bilirlər.