
Bunu görəndə əvvəl başa düşmədim nədi. Sevindim ki, nadir heyvandır, bu saat şah əsərimi yaradasıyam. Mən qaçıram, bu qaçır. 1 saatacan öz dalıyca çapdırıb. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün hasara alınmış xüsusi yerə. Elə içəri daxil olan kimi görürəm bəhhhh!.. Bunlardan itivə tökdü! Gəzirlər şellənə-şellənə camaatın arasında, yaxşısını yeyib-yaxşısını içirlər…
Adı ingiliscə Rock hyrax-dır. Azərbaycanca isə – kap damanı. 30-58 sm-dək ölçülü olurlar.
Zahiri görünüşündən dovşana bənzərliyi var. Çoxunuz deyəcəksiz, siçovula oxşayır. Amma yox. Qulaqları bir az uzun olsa – kopiya dovşandı. Sadəcə bir az ətli-canlı. Amma belə baxanda balaca qoyuna da oxşayır. Ümumiyyətlə çox şeyə oxşayır. Bunun qohumluq kitabçasını açanda isə içindən fil və dəniz inəyi çıxır.
Bəli, səhv eşitmədiniz. İri Siçana oxşayan bu 3–4 kiloluq məxluq təkamül baxımından fillərlə və dəniz inəkləri ilə eyni böyük qohumluq qrupuna daxildir. Özünün xortumu yoxdur, amma üst kəsici dişləri daim uzanır və balaca fil dişlərini xatırladır. Ayaq barmaqlarındakı dırnaqlar da adi caynaqdan çox balaca dırnaqlara — hətta filin ayaqlarına oxşayır. Yəni nəsildə fil var, sadəcə miras bölünəndə buna az pay düşüb.
Kap damanı qayalıq ərazilərdə yaşayır. Ayaqlarının altındakı qalın, rezinəbənzər yastıqcıqlar xüsusi ifrazat sayəsində nəm qalır və qayalara möhkəm yapışmağa kömək edir. Biz o daşın üstünə çıxsaq, sürüşüb təpəsi üstə gələrik yerə.
Amma enerjiyə çox da güvənməyin. Damanın bədən temperaturunu sabit saxlamaq qabiliyyəti başqa məməlilərdəki qədər güclü deyil. Ona görə səhərlər bir yerə yığışıb günəşin altında qızınırlar. Qısası, bunların təbii radiatoru günəşdir. Hava soyuyan kimi də bir-birinə yapışırlar: həm ailə münasibətləri möhkəmlənir, həm də istilik puluna qənaət olunur.

Koloniya şəklində yaşayırlar. Hamı otlayanda bir nəfər qayaların üstünə çıxıb keşik çəkir. Qartal, bəbir, ilan və ya başqa təhlükə görən kimi bərk çığırır, qalanları da “dağılışın!” qışqırıb dərhal daşların arasına girirlər. Özü balacadır, amma səsi elə çıxır ki, adam fikirləşir qayaların arxasında azı bir meymun davası gedir.
Üstəlik, erkək damanlar sadəcə qışqırmırlar — mahnı da oxuyurlar. Alimlər müəyyən ediblər ki, onların səsləri təsadüfi deyil: ayrı-ayrı səs elementlərini müəyyən ardıcıllıqla birləşdirirlər, hətta müxtəlif ərazilərdə yaşayan koloniyaların öz “dialektləri” olur. Yəni Tanzaniya damanı ilə başqa ölkədə yaşayan daman rastlaşsa, biri o birinə “haralısan? ləhcən şirin gəlir” deyə bilər.
Bitki ilə qidalanır: ot, yarpaq, cavan zoğ, meyvə və kol bitkiləri menyusuna daxildir. Sudan da qənaətlə istifadə edir; ehtiyac duyduğu nəmin böyük hissəsini yediyi bitkilərdən ala bilir. Afrika şəraitində başqa cür yaşamaq da olmaz.

Balaca görünməsinə baxmayaraq, hamiləlik müddəti təxminən 7 aya çatır. Balaları dünyaya gələndə gözləri açıq, bədənləri tüklü olur və çox keçmədən böyüklərin arxasınca hərəkət edə bilirlər və doğulan kimi Afrika həyatına hazır olmalıdır.
Bir də bunların ümumi tualet məsələsi var. Nəsillər boyu eyni yerlərdən istifadə etdiklərinə görə sidik və nəcis qalıqları zamanla daşlaşaraq “hyraceum” deyilən qat əmələ gətirir. Alimlər onun içində qorunmuş tozcuqları araşdırıb minillər əvvəlki iqlim və bitki örtüyü barədə məlumat əldə edirlər. Hətta bu maddədən ənənəvi təbabətdə və bəzi ətirlərin hazırlanmasında da istifadə olunub. Yəni daman tualetə gedəndə özü də bilmədən həm tarix yazır, həm elmə xidmət edir, həm də parfümeriya sənayesinə xammal qoyub gedir.
Təbiət zahiri görünüşə görə hökm verməyin düzgün olmadığını bizə yenə başa saldı. Bəzən fil boyda qohumluq əlaqələri balaca bir damanın içində gizlənir.



