Yer üzündə ən böyük kərtənkələ sayılan Komodo varanının çıxdığı oyunlardan xəbəriniz var?

Dünyaya bala gətirmək üçün dişi fərd erkək varan filan hərləməyə bilir. Təəbi gələndə özü elə erkəksiz də balalayır. Partenogenez deyirlər buna. Arılarda-filanda da olur belə şey. İndi cubbulu arıları birtəhər başa düşmək olar. Bu çəkisi 68-73 kq (erkəklərdə – 79-91 kq), boy-buxunu 2,3 m (erkəklərdə – 2,6 m, hətta 3 m) olan Komodo varanının axı harasına yaraşır oturduğu yerdə beyninə düşəndə hamilə qalmaq? Bunlarda məhz dişi fərd həm dişi, həm də erkək xromosomlarının daşıyıcısı olur. Partenogenetik balalar da həmişə erkək olur. Bəs belə hallar olanda bu nətəər kişini inandırır ki, “ürəyinə başqa şey gəlməsin, vallah-billah oturduğum yerdə partenogenezlənmişəm”?

İndoneziyanın Komodo, Rinça, Flores və Gili-Motaq adalarında yaşayırlar hal-hazırda. Amma əsli-nəcabətləri Avstraliyadandır. Qərb elminin Komodo varanı ilə ilk sənədləşdirilmiş tanışlığı 1910-cu ildə Komodo adasında olub. 1912-ci ildə isə Yavadakı zooloq Pieter Ouwens onu rəsmən Varanus komodoensis adı ilə təsvir edib. Quraqlıq düzənlik və tropik meşələlərdə, savannalarda yaşamağa üstünlük verən bu varanlar səhər və günortadan sonra aktiv olurlar. Qalan vaxtları 1-5 metr uzunluğunda yuvalarında evdarlıq edirlər.

Yöndəmsiz görünsələr də saatda 20 km sürətlə qaçırlar. Bir neçə kilometrlik məsafədən leş ya qan qoxusunu hiss edə bilirlər. Bundan başqa eşitmə, görmə qabiliyyətlərindən də şikayətləri yoxdur (300 metr məsfədən şikarı görürlər). Menyularına tərpənən nə varsa – hamısı daxildir: vəhşi qaban, maral, at, Asiya su kəllərindən tutmuş adicə cırcıramayacan. Öz həmvaranlarına da xor baxanları olur.

Yaxin vaxtlaradək elə bilirdilər ki, varan şikarını selikli qişasındakı çoxsaylı bakteriyalar sayəsində öldürür. Amma 2009-cu ildə bəlli oldu ki, bu “ölüm kokteylindən” əlavə həm də alt çənəsində zəhər vəziləri də var. Zəhər qanın laxtalanmasını çətinləşdirir, damarları genişləndirib təzyiqi aşağı salır və güclü qan itkisi ilə birlikdə qurbanı şoka sala bilir. Bəzi toksinlərinin əzələ və temperatur tənzimlənməsinə də təsiri müəyyən edilib.

Bütün bunların nəticəsində bir qədər sonra dişləm sahibi ya şoka düşür, ya da halsızlaşıb qalır. İlk hücumdan qurtulan yaralı şikarı qoxu izi ilə yenidən tapmaq qabiliyyətləri də var. Möhkəm quyruqları ilə də vurub şikarın axırına çıxa bilirlər. Yeri gəlmişkən, quyruqları cütləşmə dövründə də istifadə olunur: onlardan dirək kimi istifadə edib şərikini fikrindən dönməyə məcbur edirlər. bir oturuşda öz çəkilərinin 80 faizi qədər əti basıb yeyə bilərlər. Ona görə də iri fərdlər bəzən ayda cəmi bir ciddi naharla yola verirlər.

Komodo varanlarının əcdadları 5-10 milyon il əvvəl Avstraliyada peyda olublar. O vaxt ölçüləri 5-7 metr, çəkiləri də 650-700 kq olub. Maraqlısı odur ki, həmin dövrlərdə Avstraliyada Komodonun özündən də yekə qohumu yaşayırdı — Varanus priscus, köhnə adıyla Megalania prisca. Təxminən 3,5–5 metr uzunluğa çatan bu nəhəng Yer üzündə yaşamış ən böyük quru kərtənkələsi sayılır.

Bala yumurtalar 7–9 aya yaxın inkişaf edə bilər, ana isə təxminən 3–4 ay yuvanı qoruyur və sonra çıxıb gedir. Amma Allah kəssin belə qorumağı. Bala yumurtadan çıxan kimi instinktiv qonşuluqdakı ağacların başına dırmaşıb gizlənir ki, amma anam görməsin, çünki tutub yeyə bilər. Böyüklərin yemək süfrəsinə də qabırğa olmaq üçün ağacdan düşüb şikarın ən pis qoxuyan hissəsinə sürtülürlər ki, böyük varanların iştahasını küsdürüb bu biçarələri də basıb yeməsinlər.

Dişilər təxminən 30 il, erkəklər isə 60 ilə yaxın, bəzən daha uzun yaşaya bilirlər. 1980-ci ildə yaradılan Komodo Milli Parkının əsas simvoluna çevriliblər.