Adam da kenquru olanda gərək kenquru kimisindən olsun. Kimə desən inanmaz: kisəsində balası ola-ola qəfildən hamilə qalan kenquru hamiləliyini müvəqqəti dondura bilir. “Balamsan, sən bir az xəttdə qal, qardaşıvı (bacıvı) bir balaca ayağa qaldırım, sonra sənlə məşğul olacam” filan.
Adının tarixçəsi barədə də məşhur bir əhvalat var: guya onu ilk dəfə görən avropalı soruşub “bu nədi?”, aborigen də “kenquru” — yəni “başa düşmürəm” deyib. Amma belə şey olmayıb, gop söhbətdi. Əslində “kangaroo” Guugu Yimidhirr dilindəki “gangurru” sözündən gəlir.
Kenquru-vallabi tayfasının 60-dan çox növü var. Elə ən kiçiyi də vallabidir (70 sm-dək boyu, 7-25 kq çəkisi). Ən böyüyü də qırmızı kenquru. Onun boyu normal insan boyundan da hündür olur, çəkisi də təqribən 90 kq.
Möhkəm arxa ayaqlarının hesabına kenquru olmazın oyunlar çıxarır, 3 metr hündürlüyədək olan maenələri tullana bilir. Uzunluğa isə – 9 metrədək! Özü də ancaq irəliyə tullana bilir. Sürəti də saatda 60 km. Qaçış zamanı quyruğunın sayəsində tarazlığı da düz-qoş edir.
Yedikləri otdur. Susuz bir xeylaq dolana bilirlər.
Dişilər hər il doğmağa əhd eləyiblər. Hamiləlik dövründə də özlərini əziyyətə salmırlar. Bu dövr cəmi 27-40 gün davam edir. Babbalaca jele konfetindən bir az böyük olur balaları. Özü də tükləri olmur, gözləri bağlı, bədən üzvləri də inkişaf etməmiş viddə. Ana kenquru balanı təxminən 8–10 ay kisədə gəzdirir, südlə qidalandırır.
Qidalandırması da marağlıdı. Ananın 4 süd vəzisi var. Ana hətta eyni vaxtda iki ayrı “menyu” hazırlaya bilir: kisədəki təzə balaya bir tərkibdə, artıq böyümüş balaya başqa tərkibdə süd. 10 ayadək anası gəzdirir, sonra bala artıq özü qərar verir qalsınmı torbada, ya getsinmi. Əzələ hesabına dişi torbasının ağzını bağlaya ya aça bilər.
Böyrü-başa fırlana bilən sanballı qulaqlarının hesabına kenqurular vəhşi heyvanları, insanları uzaq məsafədən çox yaxşı eşidir. Eşidir və təhlükə duyunca həmkenqurularını ayaqlarını yerə çırpmaqla xəbərdar edir. Kimisə tutub çiləməklə araları sazdı. İti caynaqları və möhkəm arxa ayaqlarının sayəsində insanı qol-baş edə bilər. Amma adətən adamla işi olmur, amma küncə sıxışdırılan iri erkəyin beyni çönə bilər.
Kenqurunun sayını dəqiq demək özü ayrı dərddir. Təkcə kommersiya ovunun aparıldığı ərazilərdə onların sayı on milyonlarladır; ölkənin ümumi sayı isə bundan da çoxdur.



