Yeriviz məlum, Braziliyanın Pantanalında idim. Axşam yeməyi yeyirdik. Bu dəmdə aşpaz qadın portuqalca bərkdən nəsə deyə-deyə atdı özünü yeməkxanaya.
Qaldığımız yerdə də addımbaşı yazıb yapışdırmışdılar ki, sağa-sola sülənməyin, yaquar sizi gəmirsə – bizlik deyil. Dedim 100% yaquar qardaşdı gəlib mitilimizi sürüməyə. Amma gördüm adamlar sevinib çölə qaçdılar. Mən də qaçdım.

Otelin həyətinə gələn qonaq isə, şükür ki, yaquar deyilmiş.

Çox qəribə məxluq idi. Burnu fil xortumuna oxşayır, bədəni donuza, ayaqları da kərgədanınkına. Amma özü nə fildir, nə də donuz. Bu, tapirdir! Ən yaxın yaşayan qohumları isə atlar və kərgədanlardır.

Tapirlər milyonlarla ildir Yer üzündə yaşayırlar. Hazırda qəbul edilən təsnifata görə dörd növü var. Üçü Mərkəzi və Cənubi Amerikada, biri isə Cənub-Şərqi Asiyada yaşayır. Ən irisi Malay tapiridir. Çəkisi 300 kiloqramı da keçə bilir.
Ən maraqlı orqanı burnudur. Əslində, bu, burunla üst dodağın birləşməsindən yaranmış balaca xortumdur. Onunla yarpaqları qoparır, meyvələri götürür, ətrafı iyləyir. Hətta suya girəndə xortumunu şnorkel kimi istifadə edib nəfəs alır.

Tapirlər suyu çox sevirlər. Əla üzür, bəzən suyun dibiylə yeriyir, bir neçə dəqiqə nəfəsini saxlayırlar. Suda həm sərinləyir, həm də bədənlərindəki parazitlərdən qurtulmağa çalışırlar.

İndi gələk balalarına. Tapir balası doğulanda anasına qətiyyən oxşamır. Bədəni ağ xətlər və xallarla örtülü olur. Elə bil dördayaqlı qarpızdır! Bu naxışlar meşədə gizlənməyə kömək edir. Təxminən altı aylığında isə balaca tapir valideynlərinin rənginə düşür.

Bəs ailə həyatı necədir? Tapirlər əsasən tək yaşayırlar. Cütləşmə vaxtı bir-birlərini fitə bənzəyən qəribə, incə səslərlə çağıra bilirlər. Dişi tapir təxminən 13–14 ay hamilə qalır və adətən cəmi bir bala doğur. Yəni tapirlərin doğum şöbəsindəki medsestralar ilboyu bikar otururlar.

Bir də bu yekəpər heyvanların sanballı səsi var! Bəzən elə fit çalırlar ki, elə bil maşının əyləci ciyildəyir. Görünüşünə baxıb ondan belə nazik səs gözləməzsən.

Tapirlərə boşuna meşənin bağbanları demirlər. Meyvələri yeyib toxumlarını başqa yerlərə daşıyırlar. Beləcə, yeni ağacların yetişməsinə kömək edirlər.

Tapirlərin sevgi həyatı da özləri kimi qəribədir. Erkək dişinin dalınca qaçır, ikisi bir-birini iyləyir, bəzən də dişləyirlər. Erkəklər dişi uğrunda əməlli-başlı dalaşa da bilirlər.

Amma ən maraqlısı dişinin eşq elanıdır. Bəzi tapirlərdə dişi erkəyin düz üzünə sidik püskürdür! Erkək də ona itin sözünü demək əvəzinə başlayır qoxunu analiz eləməyə. Qəbuludusa – başlayırlar romantik qaçdı-tutdu oynamağa. Erkək dişini qovur, dişi də “ooy, dəli!..” deyə-deyə dairələr cızaraq qaçır. Bəzən dayanıb bir-birlərini iyləyir, hətta arxa tərəflərini dişləyirlər. Bu davranışların hamısı cütləşmə mərasiminin bir hissəsi sayılır.

Ürəyləri ağızlarına gələnəcən qaçıb dayanırlar. Fikirləşirlər ki, day nə hoqqa verək? Qərara gəlirlər çimişsinlər. Girirlər suya. Amma sevgi macərası həmişə xoşbəxt bitmir. Cütləşmədən sonra dişi erkəyə “it də yatmaz sənnən” deyib onu qova bilər.

Bir sözlə, tapirlərin ailə həyatı da serialdır: əvvəl qaçdı-tutdu, sonra romantika, axırda da dava-dalaş!