Xalqı maarifləndirmək məqsədi ilə bu gün sizə, əziz seçicilərim, Yaponiyadakı “boş evlər”dən danışacam. Onların adı, böyüklərdən üzr istəyirəm, “məhəbbət oteli”dir. Qəribə də olsa, bu cür otellərə qəlbləri bayatı demək həsrətiylə döyünən cütlüklərdən başqa həm də nümunəvi ər-arvad, təklik və sakitçilik həsrətində olan tənha fərd və hətta təqaüdçü də gedə bilər. Nətər yəni niyə? Elə-belə, hay-küydən uzaq olub xəyallara dalmaq üçün.
Buranın ilk özəlliyi odur ki, məkana mübarək qədəmi qoyub ta ordan çıxanadək yad bəni insan övladıyla rastlaşmırsan.
Tokiodakında, məsələn, girişdə monitorda (foto N 1) baxırsan hansı otağın işığı yanır, deməli, o boş ev boşdur. Seçirsən otağı, həmin an otağın giriş qapısı avtomatik açılır, daxil olursan, qapını bağlayan kimi ödəniş etməsən qapı açılmır. Ödənişi də elə çıxışda avtomat qurğuda edirsən, qapı açılır, şad-xürrəm gedirsən işinə-gücünə.
Otağda yemək-içmək filan da olur. Onları yerindən tərpətdinsə – sistem onu artıq alınmış kimi başa düşür və ümumi xidmət məbləğinin üstünə yazır. Yəni götür, bax, qoy yerinə söhbəti yoxdur. Götürdünsə və ondan sonra yerinə qaytarıb qoydunsa, deməli, artıq vurdu hesaba.
Osaka şəhərindəki barədə bir az ətraflı yazım. Avtomobillə gəlmisizsə, burada yeganə görəcəyiniz adam “parkovşik” olacaq. Yuxarıda qeyd etdiyim kimi, monitorda otaq seçilir, içəri daxil olduqda otağın üzərindəki işıq yanıb-sönərək xoş gəldin edir.
Otağın tərtibatı müxtəlif stillərdə ola bilər. Texno stilindən tutmuş ta ənənəvi yapon stilinədək (foto N 2, 3, 4, 5, 6). Şəraitini də özünüz görürsüz.
Stolun üstündə sifariş üçün müxtəlif yemək menyuları (foto 7), ev üçün müxtəlif xırda-xuruşlar (hava təmizləyici, saç biqudisi və s.) var. Bəs bu menyulardan sifariş necə olunur, aldığın necə çatdırılır, ödəniş necə olunur? Axı bilirik, bu məkanlarda yad adamı görənə söyüş var. Sifariş üçün resepşina telefonla xəbər olunur. Ödəniş üçün pul da kapsulaya (foto N 8) qoyulur, düymə basılır, pul da gedir aidiyyəti üzrə 1-ci mərtəbəyə. Sifarişi də qapının üzərindəki kiçik pəncərəyə gətirib qoyurlar. Vəssalam. Qonağın məxfiliyi də qorunub 1 adı 2 olmur, sifariş də uğurla həyata keçirilir.
Hə, bir də. İşdi-şaiyətdi iki müxtəlif qonaq eyni vaxtda otağdan çıxmaq istəsə, onlardan biri üçün otağın qapısının üzərində “İşıq yanırsa, xahiş ediirk, otağda gözləyin” yazılır (foto N 9). Yəni biri çıxıb getməmiş, o birinin qapısı açılmır. Yaxşı fikirləşiblər bunu da. Qonum-qonşu filanın bir-biri ilə burada rastlaşma riski sıfıra endirilib. Həm də, baxma, bəd nəzərdən zaddan da qorunur da adam.
1 gün üçün qiyməti 100 USD civarında olur, adətən. Endirimli günlərdə 50-60-dək də düşə bilər. Yeri gəlmişkən, belə məkanlarda təmizlik və gigiyena işlərinə adi otellərdəkindən daha diqqətlə yanaşılır.
P.S. Fotolar Google-dəndi, Allah haqqı mən çəkməmişəm.