Onu ancaq özü istəsə görmək olur. Keyfi istəyəni də böyrü üstə qoyur. Lap elə timsahı da. Yəni istək dolu canlıdır. Adı da yaquar. Benqal pələngi və aslandan sonra ölçüsünə görə 3-cü ən iri vəhşi pişikdir. Rast gəlinmiş ən iri yaquarın çəkisi 158 kq olub (normalda 100-120 kq). Çənələri pişikkimilər dəstəsinin bütün nümayəndələri arasında ən irisidir.
Qara rənglisi də olur. Adına da pantera deyirlər. Amma pantera ayrıca növ kimi ayrılmayıb. O, leopardın, yaquarın xüsusi genetik rənglilərinə (melanizm əlamətli) verilən addır.
Ancaq Mərkəzi və Cənubi Amerikada yaşayır. Adının mənası da müasir Paraqvay ərazisində yaşayan hinduların danışdığı quarani dilindən tərcümədə “bir zərbə ilə öldürən heyvan” deməkdir. Arada hindular yaquarları müqəddəs heyvan kimi qəbul edib onlara səcdə də edirlər.
Leopardlar kimi yaquarlar da ağaclara məharətlə dırmaşırlar. Üstəlik üzgüçülükdə də əməllicə sözlərini deyirlər. Bəzən sudakı oduncaqdan insan kimi yapışıb elə onun üzərində də üzürlər.
Gepardlar kimi yaquarlar da düz-əməlli nərildəyə bilmirlər. Əsəbləşəndə maksimum fırnıxırlar. Amma arabir düşüklüklərinə salıb meymun səsi də çıxarırlar ki, ətrafdakı meymunların başlarını əkmək üçün tovlayıb yaxına gətirtdirsinlər.
Yalnız gecə həyata sürürlər. Gündüzləri də yatıb enerji yığırlar.
Tərpənən nə varsa hamısını menyularına əlavə ediblər. Hətta iri anakondaları və timsahları da. Düzdür, insanlara çox nadir hallarda hücum edirlər. O da özünümüdafiə məqsədi ilə. Özü də şikarlarını güdərək hədəfə alırlar.
Tənha həyat sürməyə üstünlük verən yaquarlar ancaq cütləşmə periodunda həmyaquarları ilə ünsiyyətə girirlər.