Zalımın oğlunun sifətinə elə bil bir samovar qaynar su dağılıb. Amma rəngini görüb ürəyiniz ağrımasın. Çünki keçəl uakari üzünün nə qədər qırmızılığına salsa, deməli, bir o qədər sağlam və gözəgəlimlidir. Elə xanım uakarilər də məhz bu keyfiyyətlərinə görə erkəyləri dəyərləndirib onlara “hə” deyirlər.
Cənubi Amerikanın tropik meşələrində yaşayan bu qeyri-adi meymunların qeyri-adiliyi çöhrələrinin rəngindən başqa həm də keçəlliklərindən ibarətdir. Mənə qalsa, elə xəzləri də bir o qədər standart deyil. Başqa həmmeymunlarından fərqli olaraq, uzunluqları 57 sm-dək olan uakarilərin quyruqları bir o qədər də uzun deyil (cəmi 13-18 sm), ona görə də xalxın meymunları quyruğları ilə qol-budaqdan sallanıb fors edəndə, uakarilər bu həzzi yaşaya bilmirlər.
Ən nadir və haqqında ən az məlumat olan primatlardandırlar. Yerlilər onlara “ingilis meymunları” deyirlər, çünki üzdən günəş şüaları altında yanmış xarici turistləri xatırladırlar onlara.
30-100 fərddən ibarət böyük qrup halında yaşayırlar. Hər qrup da öz aralarında bir neçə ailəyə bölünür. Belə ailə şəklində bütün günü dolanır, qaş qaralanda yenə qrupda birləşirlər ki, gecə qara, cücə qara – birdən bəd nəzər təşrif buyurmuş olar.
Çox ünsiyyətcanlıdırlar bu keçəl uakarilər. Çıxardıqları səslərin bol çeşidləri, bir-birilərinin xəzlərindəki sanitar günlərinin davamlılığı buna sübutdur. Həm də bir-birilərinin xəzlərində təmizlik işləri aparanda mütləq surətdə diqqət edirlər ki, zəhmətləri dəyərləndirilsin, yəni barter xarakterli olsun.
Oktyabr-may aylarında uakarilər başlayırlar özlərinə əl gəzdirməyə, çünki toy-nişan vaxtlarıdır. Məclisi yola verəndən 6 ay sonra balaca qırmızısifət dünyaya gəlir. Baxmayaraq ki, dişilər təkcə bir erkəylə cütləşmir, amma nəticədə elə bircə bala anası olurlar. Day bircə bala da kimə “papa” deyir – onu bilmirəm. Yenicə doğulmuş balanın üz-gözü də tüklə örtülü olur. Yaşları artdıqca üzlərindəki tükləri də seyrəlir və nəhayət məşhur qırmızı rəngə boyanır. Dişilər 3 yaşında, erkəklər 6 yaşında artıq həddi-buluğa çatmış hesab olunur və üzlərinin rəngi də özünə gəlir, başlarının saçı da işinin dalıyca gedir. Bu moment kal meyvə və qozları dişləməyə xidmət edən güclü əzələləri də inkişaf edir. Qırmızı başlarında şaraoxşayan əzələlər məhz bunun üçündür.
Ağacda bitən və sürünən nə varsa – hamısını yeyirlər. Yəni “ay düşüm ağacdan gedim çəyirtkə axtarım” söhbəti yoxdur bunlarda. Qarşısına çıxsa – tutub yeyəcək o çəyirtkəni. Çıxmasa – bol-bol meyvələrə nə gəlib?! Amma quraqlıq dövründə özlərinə bir balaca əziyyət verib aşağı düşməli olurlar. Su tələbatlarını da ya elə yarpaqlarda yığılıb qalmış yağış damcıları, ya da elə yedikləri meyvələr hesabına ödəyirlər.
Qırmızı Kitaba düşüblər. Həm ovlandıqları üçün, həm də yaşadıqları ərazilərin başına daş saldığımıza görə.
Vəhşi təbiətdə 15 ilədək yaşayırlar. Zoopark filanda – 20-23 il.