O lavanda ki var – həm ətirlidi, həm müalicəvidi, həm də dekorasiya baxımdan gözəgəlimli.
Müalicəvi haqq-hesabları barədə hələ Qədim Romada xəbər tutub antibakterial vasitə kimi istifadə edirdilər, vanna qəbul edəndə suya qatırdılar. Siz də deyirsiz o vaxt Avropada çimmirdilər…
Vətəni Aralıq dənizi sahilləri sayılır. 30-dan da çox növü var. Güllərinin 50%-i gül olanda lavandanın ən ləyaxlı vaxtı sayılır: ətri bir tərəfdən, şux rəngi o biri tərəfdən ətrafda nə varsa hamısını bihuş edir.
Yeri gəlməmişkən, italyan və fransız mətbəxində (əsasən, içkilərdə) lavandadan nəyi var istifadə edirlər.
Təbabətdən day danışmıram, orda lavandanın biri bir qəpikdən olub, yəni o qədər geniş istifadə edirlər. Yarpaq və gövdələrini də dinc qoymurlar. Onlardakı linalool spirtini ürək-əsəb sisteminin təmirində istifadə edirlər. Başağrı, xırda zədələr, arterial təzyiq, revmatizm, virus xəstəlikləri, günəş yandırması, dəri problemi və sair kimi problemlər zamanı da lavandanı haraylaya bilərsiz.
Həm də sakitləşdirir. Həm də cücü-mücülərdən qurtulmaq üçün istifadə olunur. Lavanda yağının sayəsində kəpəyə “paşol” deyə bilərsiz. Yuxuvuz ərşə çəkiləndə də yataq otağınıza bir dəstə lavanda qoyub aylarla yatın.
Ətriyyat sahəsində də ətir, odekolon, sabun, şampun, krem, mazlar və sairlər lavandaya ölənəcən borcludurlar.
Və nəhayət – lavanda hələ ta qədimdən məhəbbət, gözəllik və nəfislik rəmzi sayılır. Üzünüzə baxan yoxdursa – ondan sui-istifadə edin. Həmən seviləssiz.