Anakonda haqqında kinolarda, sənədli filmlərdə görmüsüz – şikarını udmamışdan əvvəl ona dolaşır. Elə edəndə sümüklərini sındırmaq məqsədi güdmür ki. Çox adam elə bilir məhz sümük-qabırğa filanını sındırmaq üçün edir elə. Əslində isə sadəcə nəfəsini kəsmək üçündür o quc-quc. Bütün şikarları da məhz elə bunun nəticəsində həyatı ilə vidalaşır.

Çox mübahisə edirlər anakonda daha uzundur ya piton. Fərq olur və məhz uzunluqda çox vaxt piton anakondanı ötüb keçir. Amma çəkidə birmənalı anakonda pitonu “döyər”: 30-70 kq arası. Anakondanın uzunluğu, adətən, 5 m-dən çox olmur (erkəklərin orta uzunluğu 3 m, dişilərin isə 4,6 m olur). Ən ətli-canlısını Venesuelada tutublarmış: 97,5 kq çəkisi, 5,21 m də boy-buxunu.

Zəhərli deyil. Ağız seliyində də insan üçün təhlükəli ola biləcək heç nə yoxdur. Amma dişdəm yerinin ağrısı adamın cızdağını çıxara bilər.

Bütün tropik Cənubi Amerikanı öz doğma yurdu bilir anakonda. Amma buna baxmayaraq yaşadıqları ərazilərə gedib çıxınca alimlər itin zülmünü çəkir. Ona görə də dəqiq saylarını və artım statistikasını nəzarət altında saxlaya bilmirlər. Zooparklarda bir xeylaqdırlar. Vəhşi təbiətdən kənarda yaşamağı forslarına yaraşdırmasalar da orada 28 ilədək yaşayanı olub. Bu, rekord rəqəmdir. Adətən, terrarium filanda 5-6 il yaşayırlar. Vəhşi təbiətdə neçə il yaşadıqları dəqiq bilinmir.

Günü-güzəranı suda keçir. Arabir özünü günə vermək üçün quruya da təşrif buyurur. Ən çox ürəyi getdiyi məkan Amazon hövzəsinin nəm meşələridir. Adətən sudan çox da aralanıb baş alıb getmir. Burun dəliklərini xüsusi klapanla qapayıb uzun müddət suyun dibində də qala bilir. Yaşadığı su hövzəsi quruyanda ya çıxıb başqa nəmişlik axtarır, ya da özünü suyun dibindəki lırtlaşmış yerə dürtüşdürərək yağış mövsümü başlayınca yuxuya gedir.

Normalda su quşları, iquana, kapibara, kayman, tısbağa, donuz filanla qidalanır. Qidalanır deyəndə ki – udur. Ölçücə iri şikarını həftələrlə həzm edir. Elə bunun sayəsində də orqanizmi bir xeylaq faydalı element və enerji ehtiyatı əldə etmiş olur.

Belə baxanda, kinolardakı kimi çox da vahiməli varlıq deyil. İnsan görəndə də xatadan uzaq olsun deyə özü birinci aradan çıxmağa cəhd göstərir. İndəyədək bircə dəfə anakondanın insanı udması qeydə alınıb, o da biçarə 13 yaşlı hindu oğlan olub. Deyilənə görə, insana ya özünü müdafiə məqsədilə hücum edə bilər, ya da suyun altında baxır ki, ayaq zad görsənir, başa düşmür kimdir, nədir, deyir bir dadım görüm. Amma belədə bəlkə də udur e partapartla kimisə, sadəcə, udursa da onu görən olmur, çünki gözdən uzaq yerlərdə yaşayırlar.

Aprel-may aylarında adətən tək dolanan anakonda qoşulur xalxın oğlanlarına gedir nəsil artırmağa. Dişi uzunmüddətli yuxudan ayılır, qabığını vızılladır və rezki ərə getmək eşqinə düşür. Başlayır ətrafa xüsusi feromon səpələyib xalxın kişilərinin ağlını başından almağa. Erkəklər elə bu feromonu duyunca havalanan fason olurlar. Həm də onlar feromonun hesabına dişinin ölçülərini təxmin edib məhz iri ölçülü anakondƏlərə üstünlük verirlər. Çünki bu cür dişilərin sağlam bala dünyaya gətirmə ehtimalı daha çox olur.

Ölçülərinə görə erkəkdən qat-qat iri olan bir dişiyə çoxlu sayda erkək anakonda müştəri çıxır. Özü də eyni vaxtda. Çoxlu sayda erkək nikah yumağı şəklində (fotodakı kimi) xanım anakondaya sarmaşırlar. İt yiyəsini tanımır, kimin dirsəyi kimin dabanında – bilinmir. Amma ismətli dişi bu hay-harayda bəxtəvərlikdən ağlını itirmir, özü qərar verir kimə “hə” desin. Cütləşmə prosesinin özünə də dişi nəzarət edir, qeydlərini aparır və qərar verir: “Nə gündəsən?! Sən get hələ xalxın kişilərindən master-klass keç”, “Minnət zad eləmə e, cəhənnəmə istə”, “Bax sən amma nəsə priyatnıy gəldin mənə, xətdə qal”. Hələ də dəqiq bilinmir bu an dişi nəyi götür-qoy edir, necə seçir. Belə bir fərziyyə var ki, ya ən güclü erkəyi seçir, ya da ən inadkarı.

Proses 1 ayadək davam edə bilər. Bu ismətli məclis həmişə erkək üçün şadyanalıqla bitməyə də bilər. Belə ki, gələcəkdə 7-aylıq hamiləlik dövrü ərzində ova çıxa bilməyən dişi orqanizminin taqətdən düşməməsi üçün məclisin şirin momentində tutub erkəyi yeyə bilər. Daha doğrusu, erkəklərdən birini. Anadı da…

https://www.instagram.com/aliakbarphotography/

2 thoughts on “Anakonda haqqında bilib-bilmədiklərimiz”
  1. 😂 məlumat məqsədi üçün sayta girib baxdım və həqiqətən yazdığınız məlumat çox maraqlı həm də (gülməli )deməyək optimist yanaşma idi halaldı sizə 😁👏🏻🤩 çox xoşum gəldi 😊

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir