Siz heç mələyin şeytanı tutub çiləməyini eşitmişdiz? Gəlin, onda agah edim sizi.
Soyuq şimal sularının 500 m dərinliklərində dəniz mələyi deyilən bir varlıq yaşayır (video). Həqiqətən mələk kimi görkəmi var. Adam istəyir ağzını ayırıb saatlarla tamaşa etsin ona. Üzgəc rolunu oynayan qanadları da var. Elə ona görə də onları qanadayaqlılara aid ediblər. Bütün günü suda o baş-bu başa süzüb qidalanmaqlarından da qalmırlar. Ən toppuşunun ölçüsü 4-5 sm-dək olur. Yəqin fikirləşirsiz ki, Allahın bu nurlu bəndəsinin qidası da gözlə güclə görünən plankton-filan olar. Planktona gözünün ucuyla da baxmır və onun yeganə qidası dəniz şeytanıdır (foto). Tünd rənginə görə veriblər biçarə qidaya bu adı. Cupbulu ilbiz formasında olur, cəmi 2-3 mm.
Dəniz şeytanı
Şeytan uzaqdan mələyi görüncə ürəyi axır, deyir: “İlahi, bu nə gözəllik, bu nə ismətlilik!.. Gedim bir yaxından da baxım”. Yaxınlaşıb elə təzəcə ədəb-ərkanla “Ey möcüzəli mələk!” deyəsiyi gəlirdi ki, bir də görür mələyin baş tərəfi 2 hissəyə haçalandı, ordan da 6 ədəd narıncı rəngli qarmaq çıxıb şeytanı əleykəsalam elədi. Şoka düşən şeytanın naləsi okeanı bürüyür: “Bu nə zülümdü mən düşdüm? Sən Allah, tez ye məni, canım qurtarsın bu bəladan” deyəndə gözü rezki mələyin başının içində qidanı əzmək üçün sürtgəc formalı bir neçə çənəyə sataşır. “Sənə mələk deyənin atab-atasına…” deyən qol-qanadı sınıb yanına düşmüş şeytan bir də görür ki, mələk bunu atıb-tutur. Sevinib səsini çıxartmır ki, yəqin insafa gəlib, bir az oynadıb buraxacaq. Amma mələyin planı başqa idi. Atıb-tutmaqda da məqsədi şeytanın çanağını lazımi səmtə çevirmək idi ki, çanağın içindəkini çıxarıb yeyə bilsin. Nə başınızı ağrıdım, şilküt olmuş şeytan növbəti atıb-tutmada yeyilmək üçün nəhayət lazımi poza alır. Mələyimiz qəfil yenə mələkləşib ehmalca şeytanın ətini nəvazişlə sürtgəcinə çəkib püre halına salır.
Yeməyi də tezbazar hopp eləyib həzm etmir, mələyə yaraşmaz axı belə görməmişlik. Yığır saxlayır içində, kənardan da baxanda bu püre şəffaf bədənində tünd yağ yığını kimi görsənir. Bir sezona 500-dək şeytan çanağını mələr qoyur.
Dəniz mələkləri bu dəniz şeytanlarından başqa heç nə ilə qidalanmırlar. Qəribə də odur ki, şeytanlar yazın sonunda cəmi 2-3 həftəlik peyda olurlar bu sularda. Sonra yox olurlar. Mələyin də yığıb saxladığı piy ona 3-4 ay bəs edir. Bəs 3-4 aydan sonra nə ilə qidalanır, ümumiyyətlə hara yox olub gedir – alimlər üçün hələ də müəmmalı qalıb.
Yeri gəlməmişkən, 4-cü nəsil pokemonlardan Manafi və Fionun obrazları məhz dəniz mələklərindən götürülüb.