Leylək deyəndə gözünüzün qabağına ağappaq quş gəlir və düz də edir. Çünki dədə-babadan onu elə görüb yadda saxlamışıq. İndi isə gəlin bildiyimiz leylək obrazını darmadağın edib qara rənglisi ilə də tanış olaq. Bilirəm, psixikamıza bir yükdür bu. Amma deməyə məcburam: bugünkü leyləyimiz təkcə qara ilə kifayətlənməyib, acığımıza baş-gözünü sarı-qırmızı rəngə də boyayaraq psixikamızı pərakəndə şəkildə mələr qoyub. Bu – yəhərdimdikli leyləkdir. Bəli. Dimdiyində yəhərə bənzər zadı da var. Özüm demirdim ki, lap tərki-dünya olmayasız.
Ölçülərinə görə leyləkkimilər ailəsinin ən iri nümayəndəsidir. 1,46 m boy, 6 kq-dək çəki. Qol-qanad açma məharəti də 2,4 metr!
Yenə sağ olsun ki, büsbütün qara rəngə boyamayıb özünü. Boğaz, baş, quyruq hissələridir ancaq. Əndamının qalan yerləri ismətli leyləyə xas olan ağ rəngdədir.
Bilmək olmur e, bəlkə də al-əlvanlıqda yaşadıqları Afrikaya bürünüb, ellə sürünmək qərarı veriblər… Çünki bu rəng çalarları həm dişilərdə var, həm də erkəklərdə. Yəni xalxın qızının başını bişirmək üçün də nəzərdə tutulmayıb bu rəngarənglik.
Alimlər də elə təzə oturubmuşlar ki, baş sındırsınlar görsünlər nə məsələdi bu, birdən yadlarına düşüb ki, onların heç dimdiyindəki yəhərin də təminatından xəbərləri yoxdur. Həvəsdən düşüb bu işi boş buraxıblar. Başlayıblar dəxlisiz şeyləri öyrənməyə ki, ay neçə dənə yumurta qoyurlar (2-3 dənə), nə bilim, həyatları boyunca cütlük bir yerdəmi qalır ya yumurtaları yerbəyer edəndən sonra ayrılırlar (əslində bir yerdə qalırlar), balaları da doğulanda rəngbərəng olur, ya yox (yox, olmur) və s.
Belə sıravi suallara cavab tapıb lövbərlərini kos qoyub rahat oturublar alimlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir