Növbəti dəfə ismətliliyimin şahidi oldum: Yaponiyaya gedib fuqu balığından dadmadım. Niyəsini deyəcəm bir azdan.
İynəqarınlılar ailəsinin üzvü olan fuqu balığı (takifuqu, it balığı və s.) Yaponiyanın ən bahalı və ən təhlükəli delikatesi sayılır. Təzə anadan olan uşaqdan da soruşsan, onun da xəbəri olacaq ki, il ərzində ölkədə 10-20 nəfər bu balığın zəhərindən ölür. Balıq da sancıb eləmir e. Onu yeyib ölürlər.
100-ə qədər növü var bu iynəqarınlıların. Sakit okean, Amazon çayı, Qırmızı dəniz… – çox yerdə var onlardan. Ovuc boyda olan, 10-12 il yaşayan fuqumuzun pulcuqlarının əvəzinə nazik elastik dəri qatı var. Hürkəndə və ya müdafiə olunanda da şişib olur şar kimi yupyumru (ilk şərhdə videosu var). Üzərindəki çoxlu sayda iynəciklər də hamar vəziyyətini dəyişib biz-biz olurlar. Yadınıza düşdü yəqin, Nemo balığı haqqında cizgi filmində də vardı ondan.
Şişmiş halda ölçüsü öz ilkin vid-fasonundan 3 dəfə böyük olur. Bu da balığın içinə sovurduğu suyun hesabına olur. Məzəli görünürlər həmin an, amma yada düşəndə ki, balığın dərisinin altında, kürüsündə, qaraciyərində, hətta cinsi orqanlarında kalium sionidin tərkibindəki zəhərdən 1200 dəfə daha təhlükəli olan zəhəri var – adamın “Məzən başına dəysin” deyib ondan uzaqlaşmağı gəlir.
Bu tetrodotoksinin cəmi 1 milliqramı bəs edir ki, insan övladı o dünyalıq olsun. Bir fuqudakı zəhər də 40 adamı böyrü üstə qoya bilər. Özü də bu zəhərə qarşı düz-əməlli zad da yoxdur. Amma gəlin, biçarə fuquya itin sözün deməyə tələsməyək. İş orasındadır ki, fuqu özü bu zəhəri “istehsal” etmir, yəni onun hesabına özünü hər yoldan keçəndən qorumaq məqsədi yoxdur. Bu tetrodotoksin onun qidalandığı molyusk, dəniz ulduzu-filandan daxil olur yazığın orqanizminə. Onu basıb yeməsən – zəhərinə də tuş gəlməzsən.
Deyilənə görə, hələ 2300 il bundan əvvəl fuqu balığından qida kimi istifadə etməklə bağlı indiki Yaponiya ərazisində qadağa varmış. Bu qadağanı eşidən kimi fuqunun sevinci yerə-göyə sığmırmış. Amma qadağa elan olunan kimi yaponların qurtları qaynayıb ki, “A xeyir ola, niyə yeməyək ki? Yeyək e, amma ehtiyatla yeyək”. Bu minvalla fuqunun hazırlanmasıyla bağlı xüsusi texnologiyalar peyda olmağa başlayıb. Yeri gəlmişkən, o texnologiyalar elə indi də aktualdır.
Hökumət də görüb ki, qadağaya rəğmən adamlar onsuz da əl çəkmirlər fuqudan, 1958-ci ildə söhbəti bağlayıb. Deyib ki, “Yalnız fuqunun düzgün hazırlanması haqqında sertifikatı olan aşpazlar hazırlaya bilər bu balıqdan delikatesi”. Hal-hazırda bu icazəni almaq üçün xüsusi kurslarda illərlə təlim keçmək, sonda isə imtahan da vermək lazımdır. İmtahanı qəbul edən müəllim də lox deyil ki. İmtahan vaxtı aşpaz özü dadır hazırladığını. Kursu bitirən aşpazların da cəmi 1/3 hissəsi bu sertifikatı alır. Ölüm-itim hadisəsi olmur bu cür imtahanlarda, çünki kurslara həddindən artıq ciddi yanaşırlar və imtahan vaxtı da qidanın hazırlanmasında cüzi ora-bura söhbəti olur.
Naqasakidəki alimlər asudə vaxtlarında balığın menyusunu ancaq zəhərsiz qidadan təşkil ediblər və nəticədə orqanizmində zəhəri olmayan fuqular yaşayıb yaratmağa başlayıblar. Dadına da baxıblar, babat olub. Amma adrenalin həsrətli insan övladı yenə də zəhərlisinə üstünlük verir, çünki zəhərsizini yemək… darıxdırıcı imiş. Niyə darıxa bilərlər?
Birincisi, “Mən zoram! Fuqu yedim, amma ölmürəm” devizi altında adrenalin yaşamaq keyfindən məhrum olmaq istəmirlər.
İkincisi, fuqu hazırlayan aşpazın professionallığı həm də bu delikatesdə zəhərin cüzi dozasını saxlamaqdan ibarətdir. Bu cür delikatesi dadan adam yüngülvari narkotik təsir altına düşür. Eyni zamanda orqanizmdə əlüstü iflicə bənzər hal yaşanır, əl-ayaq, çənə keyləşir. Bu xiyarlaşma cəmi bir neçə saniyə davam edir. Amma bu müddət ərzində adam ölümlə həyat arasında ilişib qalaraq bir vaqon emosiya yaşayırmış.
İndi bildiz niyə ismətimi qoruyub saxlamışam?