1927-ci ildə Henri Şouteden adlı bir zooloq Belçikanın o vaxtkı müstəmləkəsi olan Konqodan qəribə kəllə sümüyü, böyründə də dəri tapıbmış. Dəri də qəribə idi. Hesabatında da yazıb ki, “Şimpanze kəlləsinə oxşayır. Amma yenə də yalan deyərəm…”
Üstündən bir il keçir. Qonşu Almaniyadan olan zooloq Ernst Şvarts bundan xəbər tutur və yuxusu ərşə çəkilir. Əlində xətkeş durur gedir Henrigilə. Henri də qədim Belçika qonaqpərvərliyini xoddayıb stol açır, tökür bunun qabağına gətirdiyi o müəmmalı kəllələri. Ernst döşənir kəllələrin üstünə, ölçür xətkeşlə, axırda da qayıdır ki, “Henri, sən yemədin getdin! Bu, tamamilə yeni primat növüdür və inan – at kimi üzünə duraram ki, bunu elə indicə məhz mən icad elədim.” Henri gedir başına külü qoymağa, Ernst isə şad-xürrəm qayıdır evinə.
Evə çatan kimi tezbazar bu yeni primat növünə öz aləmində güclü ad da qoyur: Konqo çayının sol sahilindəki şimpanze. Bir müddət keçəndən sonra bu primatları ayrıca növ olaraq təsdiqləyirlər. Düz-əməlli ad da qoyurlar: bonobo və ya cırtdan şimpanze.
Şimpanzedən fərqli olaraq, bonobo daha zərif, uzun ayaqlıdır, başının ölçüsü bədəninə nisbətən xudmanidir. Dişilər də, erkəklər də təqribən elə şimpanze boyda olurlar (çəkiləri 33-43 kq). Ona görə də nə ağılla onlara “cırtdan şimpanze” də deyirlər – məlum deyil. Alimlər son vaxtlar bu primatı elə “bonobo” deyə çağırırlar, o da hay verir.
Bonobo şimpanzeyə zahirən oxşasa da, davranışıyla ondan fərqlənir. Bonoboların şəxsi həyatına göz qoyan bioloq Frans de Vaalın az qala dili qatlana. Özüm də böyüyəm deyə ismətdən yan keçəcək söhbətə görə heç kimdən üzr istəmirəm. Deməli, bonobaların intim həyatlarının şahidi olan bioloq qeyd edir ki, onlar sanki Həmkarlar İttifaqıın hesabına 3-aylıq Kamasutra kursları keçiblər. Yəni o razmerdə oyun çıxarırmışlar.
Bonobo hoqqaları zamanı bioloq çıxarıb bloknot-qələmini, yaşmağlanıb oturub bir küncdə və xəcalət çəkə-çəkə özü üçün təlimat xarakterli və maarifləndirici qeydlər aparıb, yeni-yeni poza və variasiyalar öyrənib. Özü də bu variasiyalar təkcə nəsil artırmaq üçün həyata keçirilmir. Bir növ sosiallaşma xarakteri də daşıyır. Bu moment it yiyəsini tanımır. Necə ərz edim ki, Facebook-a da xoş getsin? Deməli, bu zaman tərəf müqabili rolunda eyni cinsli həddi-buluğa çatmış fərdlər, buluğa çatmışla tineycer fərd, 2 tineycer və s. kimi başgicəlləndirici cütlüklər də çıxış edirlər. Ağlınıza pis fikir gəlməsin e o dəqiqə. Bu minvalla onlar bir-birilərinə qarşı xeyirxahlıq nümayiş etdirir, emosiyaları sakitləşdirir, konfliktlər həll olunur, aralarında küsülü olan varsa – onlar da o dəqiqə barışır.
Arada bəzi yüksək ranqlı bonobo ailələrinin dişiləri özlərini biz insanlara da bənzədirlər (ya əksinə?). Belə imkanlı ailədə böyüyən oğullara həyat yoldaşını elə anaları seçir. Seçməkdən əlavə, oğlunu qızla görüşə də özü aparıb-gətirir. Tədqiqatlar göstərir ki, bu cür oğul övladının ailəsində uşaqların sayı daha çox olur, çünki, maması sağ olsun, oğul-gəlininin komfortlu həyatının mühafizəsində durur, imkan vermir hər yoldan keçən bonobo balasının romantik anlarına maneçilik törətsin. Niyə məhz yüksək ranqlı ailədə bu müşahidə olunur? Çünki xanım Xura istəməz ki, oğlu gedib hansısa bir cəngəllikdə qalmışa ilişib qohum-qonşu içində tutduqları yüksək statusu zay eləsin.
Yeri gəlmişkən, belə ailələrdə qız övladlarının ər seçimi tam sərbəstdir. Onsuz da dişilər ər sorağında qrupu tərk edib başqa yerdə öz dəstələrini yaradırlar.
Şimpanzelər döyüşkən xarakterli olduqları halda bonobolar əksinə cəngəlliyin yeyib-içənləri sayılırlar. Elə dəstələrinin başında da erkək fərd yox, dişi bonobo olur. Onun da xasiyyəti çox həlimdir, bir problemi də haray-həşirlə deyil, pişim-pişimlə yoluna qoyur. Amma nə qədər də olsa hərdən öz aralarında da sözləri çəp gəlir.
Qida barədə də kaprizləri yoxdur. Menyularında ən müxtəlif bitkilər, otlar, meyvələr, yarpaqlar, arabir ət də (məsələn, cırtdan duker antilopları) var. Yəni bolluqdur. Bu səbəbdən şimpanzelər kimi yemək üstə qırğına çıxmırlar.
Homo sapiens-lərə şimpanze və qorillalardan daha çox oxşarlığı olan bonoboların nəsli kəsilmə ehtimalı da var. Konqo Demokratik Respublikasının qanunvericiliyi ilə qorunsalar da, brakonyerlərin silahına tez-tez tuş gəlirlər. Həm də təbii arealları da daim kiçilir. Vəhşi təbiətdə sayları 15-20 mindir.