Atalar deyib ki “Panda deyəndə – elə panda yada düşər”. Amma yada düşən o bildiyiniz panda olur. Ağ-qara. 7 panda növü olub. Əfsuslar olsun ki, onların hamısının kökü artıq kəsilib. Birindən başqa. O böyük ağ-qara panda var a, o öz adını bu gün haqqında danışacağımız kiçik (qırmızı) pandaya oxşarlığına görə alıb, bilirdiz? Böyük panda (bambuk ayısı) heç pandakimilər ailəsinə də aid deyil. Ayılara aiddir. Amma qırmızı pandamız bu ailənin yeganə sağ qalan nümayəndəsidir.
Kiçik panda ilk dəfə 1821-ci ildə ingilis alimi Tomas Hardvikin baxışına tuş gəlib (böyük panda – 1869-cu ildə). Yazıq sevincək olub ad da qoyub ona: “ua” (wah). Amma o bilmirdi ki, pandanı isti-isti döyərlər. Başı Çində nəyəsə qarışıb, bir xeylaq vaxt keçəndən sonra vətənə qayıdanda xəbər tutub ki, bu, Çində şıllaq atan vaxtda fransalı alim Frederik Küvye Çinə gəlib, kiçik pandalar haqda sanballı məlumat yığıb, “parıldayan pişik” adını da verib tələsik qayıdıb Fransaya.
Çində rənginə və tülküyə bənzərliyinə görə qırmızı pandaya “hunho” da deyirlər, tərcüməsi də – “od tülküsü”, ingiliscə – firefox. Bəli, Mozilla-nın məşhur internet brauzerinin adı məhz bu qırmızı pandaya ithaf olunub. Ölçüləri də ev pişikləri boyda olur: 50-64 sm (quyruqları – 28-48 sm), çəkiləri də 5 kq-dək.
Böyük panda kimi bu panda da bambukla qidalanır. Günə 4 kq-dək. Amma böyük pandadan fərqli olaraq, bambukun ən dadlı, ən zərif hissələrini yeyir. Qışda-soyuqda arada giləmeyvə, göbələk, quş yumurtasını da ötürür içəri. Qabaq əllərində böyük pandadakı kimi bambuku saxlamaq üçün 6 barmaq olur.
Günün 13 saatını qırmızı panda yemək hayında olur. Qalan vaxtı da hündür ağac başında yatır. Özü də yatanda həmişə dili bayırda olur.
Bəzi Çin əyalətlərində, Nepalda, Myanma və Hindistanda yaşayan bu pandaların sayı cəmi 2500 fərd qalıb. Gah təbii areallarındakı meşələrə təcavüz edir insan övladı, gah xəzinə xor baxıb brakonyerliklə papaq tikib satır. Ona görə də nəsli tükənmək üzrə olanlar siyahısındadır. Dişi qırmızı panda ildə 1 gün bala anası ola bilər. Yaşadıqları 8-10 il ərzində ən yaxşı halda dişi maksimum 16 körpə dünyaya gətirə bilər. Nazlı-qəmzəli böyük pandadan fərqli olaraq kiçik pandalar zoopark-filanda da çox rahat nəsil artırırlar.