Rəvayətə görə Yer üzündə insan övladı peyda olan moment ağcaqanadlar bir-birlərinə gözaydınlığı veriblər ki, menyuya təzə ət gəlib.
45 milyon ildir planetimizin gözünü oxşayır bu ağcaqanadlar.
3000-dək növü var və ölçüləri də növündən asılı olaraq artıb-azalır. Ən irisinə (11,15 sm) 2017-ci ildə planetin sevimlisi Çində rast gəliblər. Əcdadlarının ölçüləri 5 sm-dək idi. Səyahət zamanı məni ən nuşicanlıqla dişinə çəkən Zənzibar ağcaqanadları olub. Çox ünsiyyətcil idilər, dişdəmin biri bir qəpikdən. Aerozol-filan iynələrinə də deyildi.
Afrika demişkən. Bir çox ölkələrində artıq genetik dəyişdirilmiş ağcaqanadlar yetişdirib ana təbiətə buraxıblar ki, onlar da öz növbələrində malyariya daşıyıcısı olan həmağcaqanadlarıyla cütləşəndə bu mübarək genetikasından bir pay onlara ötürür və bununla da xəstəliyi yayan ünsürlərin sayı azalır.
Ağcaqanadın iynəsinə lupa ilə böyüdüb baxanda adamın ruhu dincəlir: 2 borudan (qida və tüpürcək) ibarət olan bu iynə mişardişli “neştərlə” və 2 iti çənə ilə əhatə olunub. 50-dək dişi amma göz oxşamır, çünki çox kiçikdirlər. Bu miniatür və zövq dolu iynənin dəriyə dürtüşdürülmə məsafəsi bir neçə millimetr olur ki, bu da sevərək qan damarımızın başına oyun açılması üçün münbit şərait yaradır.
Dönə-dönə üzr istəyirlər ki, hamıya yetərincə diqqət ayıra bilmirlər. Biz çoxuq – onlar az. Çatdırmırlar. Ona görə də görək ilk olaraq kimi gəmirirlər?
– Bədənindən istilik şüalanması ətrafa səpələnəni.
– Tər ayrılmasının tərkib hissəsi olan süd turşusu qoxulu obyekti.
– Nəfəs alınan zaman karbon qazı bol yerdə olanı.
50 metr məsafədəki qida obyektini qoxu ilə rahatlıqla tapırlar. Tapa bilməyəndə 3,2 km/saat sürətlə 60 km məsafəni qət edə bilirlər, təki ac qalmasınlar. Saniyədə 250-600 dəfə qanad çalırlar. Bizə yaxınlaşanda eşitdiyimiz o həzin vızıltı məhz qanadlarının səsidir. Hərdən məəttəl qalırıq ki, yağış yağır, amma ağcaqanad buna rəğmən islanmır, bu və ya digər nahiyəmizi çeynəyir. Yağışlı havada da bizi yalqız qoymamaqlarına səbəb odur ki, onlar 5 dəqiqə ərzində yağış damcıları arasında da islanmadan uça bilirlər.
Qanımızı içən məhz dişi fərdlər olur. O da balalarını qidalandırmaqdan ötrü. Erkəklər kübaryanə ancaq nektar və bitki mənşəlli yeyib-içməyə üstünlük verirlər. Çox məhsuldar anadırlar. Bir neçə gündən bir bala istehsal edirlər. Bir oturuma da 15-30 yumurta qoyurlar. Birdəfəyə dişi fərd öz çəkisindən iki və daha çox miqdarda qan içə bilər. Anadı da!..
Yumurtalar da üzüyoladılar: istini, soyuğu çox rahatlıqla yola verirlər. Hətta bir neçə il soyuq torpaqda dinməz-söyləməz yaşaya bilərlər. Bir həftəyə də cupbulu ağcaqanad həddi-buluğa çatıb gəlir canımız üçün.
Bəzilərimizi daha çox, digərlərimizi daha az və ya heç dişləmirlər. Nədən irəli gəlir bu haqsızlıq? Bəzi məlumatlara görə, onlar üçün ən dadlımız I qan qrupu sahibləridir, ikinci yerdə – III qrup, II qan qrupu yiyələrindənsə ümumiyyətlə zəhlələri gedir. IV qan qrupu da belə də… Düz söhbətdir?
1 damcı qanımız 1000-dən artıq ağcaqanad balasına həyat vermək deməkdir. Paxıl olmayaq. 1 200 000 ağcaqanad birdən qonaq gəlib damcı-damcı dadımıza baxsa – bütün qanımızın axırına çıxa bilərlər. Hmmm. Məncə, paxıl olaq.
Çox qayğıkeş canlıdırlar, hər zaman bizi düşünür, dişdəmlərini maksimum ağrısız həyata keçirmələri üçün əllərindən gələni edirlər. Dadımıza baxmazdan əvvəl xüsusi antikoaqulyant vasitəsilə dişdəm yerindəki qanımızı durulaşdırır, ağız sularının sayəsində də bu prosedur zamanı ağrı hiss etmirik. İş bitəndən sonra da bu ağız suyunun hamısını yığıb yığışdıra bilmirlər yazıqlar. Sonradan qaşıntı verən də elə o olur.
Müxtəlif parazitlər qəsdən ağcaqanadın reputasiyasını insan övladı qarşısında yerlə yeksan etmək üçün gəlib doluşurlar onun iynəsinə, o yazığın da xəbəri yox, gündəlik işiylə məşğul olur və nəticədə də həmin parazitlər gəlib əyləşirlər orqanizmimizə. İş elə gətirir ki, biz də buna görə malyariya, sarı qızdırma, ensefalit, hepatit olub ölürük. Arada yazıq ağcaqanadın adı insanların ən çox axırına çıxan həşərat kimi çıxıb.
Bəs görəsən ağcaqanadlar olmasa dünya başımıza fırlanarmı? Çoxlu sayda çay balıqları, bir çox quş növləri adət etdikləri qidadan məhrum olacaq, ağcaqanadla qidalanan vəhşi həşəratların populyasiyası azalacaq. Axarsız şirin su hövzələri ağcaqanad sürfələrinin sayəsində filtrasiya olunub təmizlənirlər axı. Ona görə ağcaqanadsızlıqda həmin hövzələrin təmizlənməsi üçün daha çox güc ayırmalı olacağıq.
İndi siz deyin, keçinərik onlarsız ya yox?