Dəniz atının erkək fərdi hər dəfə dəniz əjdahasının ailə başçısını görəndə mırt tutur ki: “Yekə kişisən, ayıbdı, ala, hamilə kişinin kisəsi qarnında olar”. Yazığı gözükölgəli edib. Bildiyiniz kimi, dəniz atlarında bala dünyaya gətirmək erkək fərdin üzərinə düşür. Bu haqda yazmışdım. Dəniz əjdahasında da eyni söhbətdir. Di gəl ki, ikincinin qarnında balalarını bəsləyib dünyaya gətirəcək kisəsi yoxdur. Çanta kimi bir zadı var. O da quyruğunun altında.
Hər ikisinin zahiri görünüşü maraqlı, qəribə və gözəgəlimlidir. Dəniz atları elə xırdavari atyanə görünürlərsə, dəniz əjdahasının görünüşü otyanə və gülyanədir. Ümumiyyətlə bitkiyanədir. Başı bir az əjdahaya oxşayır amma. Qol-budaqlı, güllü-çiçəkli vücudlarıyla su bitkilərinə pərçimlənib maskanalırlar ki, bunlara dəyib-dolaşan olmasın.
Dəniz əjdahası Avstraliyanın qərb və cənub sahillərinin isti sularında rastınıza çıxa bilər. Bəzi böyük fərdlərinin ölçüsü 45 sm-dək olur. Amma elə növləri də var ki, Avropa, Afrika, Cənubi Amerika sahillərində də yaşayırlar.
Dişləri olmasa da gün ərzində 3000-dək krevetkanı bütöv udub mələdirlər.
Sürəti saatda 15-cə metrdir. Sürət e!.. Hərəkət desək daha urvatlı çıxar. Şəffaf üzgəcləri bellərində və qarın nahiyələrində olduğu üçün belə astagəldirlər. Üzgəc də bir üzgəc ola: 1 dəqiqədə yalnız 1 dəfə öz funksiyasını yerinə yetirib baş aldatmaq üçün tərpənir, ad da qoyur ki “hərəkət elədim”. Bu cür asta yırğalanmağın nəticəsində yaxınlığında hərlənib bunu basıb yemək istəyən varlıqlar fikirləşir ki, heç bir özünə hörmət edən canlı bu cür hərəkət etməz və onu bitki bilib yanından ötüb keçirlər.
Nəsil artırmaq zamanında dişi fərd 120-dək qırmızı rəngli yumurta istehsal edir, mayalandırır və üzr istəyə-istəyə gətirir doldurur onları erkəyin çantasına. Erkək “Sən canı, naqarırsan?” soruşanda dişi vəziyyəti başa salır ki: “Vallah, məndən olsa elə özüm doğardım, anayam da, borcumdur. Amma təbiət bu fason buyurub, dədə-baba qaydasını poza bilmərəm”. Deməyinə deyir, amma yenə içində nəsə qalır da, erkəyin halına acıyır. Ona görə hər səhər gəlib ürəyini alır hamilə kişisinin, xala-xətrin qalmasın deyə rəqs edir onunla. Rəqs zamanı rəng-filanını da dəyişib bir az eynini açır erkəyin.
Beləcə 4-8 həftə keçir. Dişinin oynamaqdan dabanları mozol olur, bezib üzünü erkəyə tutaraq “Bəsdi artistkalıq elədin, doğ day” deyib onu tələsdirir. Dişinin intonasiyası erkəyin mənliyinə toxunur və bir həmləyə kişi kimi balaları dünyaya gətirir.
Ata yaşadığı şokdan qurtulmaq üçün psixoloqun yanına getməzdən əvvəl elə üzünü arvada tutub “Sən uşaqlardan muğayat ol, mən 1-2 saatlıq…” deyəsiyi gəlir ki, bir də baxır arvad çoxdan çıxıb aradan. Bu ailə dramından əlləri üzündə qalan balalar məcbur olub müstəqil dirçəlməyə start verirlər.
Dəqiq saylarını bilən yoxdur. Zəhərlidirlər. Amma özləri hücum etmirlər. Təsadüfən onları tapdalayan insan 2-3 gün ağrılardan imdad diləyəcək. Lazımi tibbi yardım göstərilməsə 2-3 aydan sonra sancılan ayaq amputasiya da oluna bilər.