Ötən dəfə durduqları yerdə cinayətkar adı qazanan bəzi heyvanlar barədə yazmışdım (http://travelstory.az/?p=1382). Bu dəfə digər nakam avtoritetlərdən söhbət açacam.
XVIII əsrin əvvəlində Braziliyadakı fransiskan monastırının monaxları termitlərin (sarı qarışqa dəstəsi) əlindən dad çəkirdilər. Termitlər monastırın içindəki ev əşyalarını, hətta monastırın divarlarını gəmirərək orada yaşayanları pərişan edirdilər. Monaxlar da termitlərdən yepiskopa şikayət ediblər. O da eləmə tənbəllik verib termitləri məhkəməyə. Qəribə də olsa cavabdeh termitlər məhkəməyə gəlməyiblər və onlara vəkil təyin olunub. Vəkil də vəkillik edərək deyib ki: “Bütün Allah bəndələri bir tikə çörəyə ləyixdilər. Özü də bir baxın, termitlərin canfəşanlığı oradakı monaxlarınkından daha məşəqqətlidir. Voobşe termitlər həmin yerdə monaxlardan da əvvəl yaşayıblar”. Kəşməkeşli məhkəmə prosesindən sonra nəhayət qərara alınıb ki, termitlər üçün başqa yerdə ayrıca ərazi ayrılsın. Məhkəmə qərarını gəlib uca səslə termit yuvasının qarşısında oxuyublar. 1713-cü ilin monastır sənədlərində qeyd olunur ki, qərarı eşidən termitlər srazu şələ-külələrini yığıb köçüblər təzə evlərinə.
1519-cu ildə İtaliyada tarla siçanları da cinayət başında yaxalanıblar: camaatın əkin sahələrini eşib zay edirmişlər. Siçanlara müdafiəçi təyin olunub ki, onlar əzab-əziyyətli həyatlarını, ehtiyaclarının olduğunu əsas gətirərək öz hərəkətlərinə bəraət qazandıra bilsinlər. Vəkil də öz növbəsində buyurub ki, onun müştəriləri cəmiyyətin faydalı ünsürləridirlər, çünki müxtəlif zərərverici həşəratları gəbərdərək torpağı zənginləşdirirlər. İttihamçı əsəbləşib ki: “A bir az ciddi olun! Nə faydabazlıqdı? Onlara görə kəndlilər vergini ödəyəmmirlər”. Amma mərhəmətli hakim ittihamçıya “Sən bas içivə” buyuraraq siçanlarla bağlı yumşaq qərar qəbul edib. Onların təhlükəsizliyinə tam zəmanət verərək siçanları sürgünə göndərib. Hətta azyaşlı balaları olan valideynlərə və azyaşlı sıçanların özlərinə də köç üçün 2 həftəlik möhlət verib. Day bilinmir söhbətin axırı necə oldu.
1750-ci ildə Fransanın Vanvr şəhərinin sakini Jak Ferron dişi eşşəyi yoldan çıxarmaq istəyərkən yaxalanaraq ölüm cəzasına məhkum edilir. Eşşək elə ağzını açıb “Sağ olun, var olun, imkan vermədiz bir adım iki ola” deyəndə vurublar ağzının üstündən ki: “Az, gicdəmə. Qanuna görə sən də Jakla bərabər ölüm cəzasına məhkum olunursan”. Eşşəyin şokdan çənəsi dizinə düşür. Başlayır etiraz etməyə ki: “Başıvız xərəbdi? Zərərçəkənəm e mən!” Bu moment icma nümayəndələri o vaxt üçün misli görünməmiş addım atıb müraciət qəbul edirlər. Müraciətdə qeyd olunur ki, onlar eşşəyi 4 ildir tanıyırlar, bu müddət ərzində o özünü başıaşağı, ismətli, erkək görəndə yaşmağlanan bir fərd kimi göstərib və kor qalmış Jak olmasaydı hələ də o nümunəvi reputasiya sahibəsi olaraq qalacaqdı. Eşşək srazu onların sözlərini təsdiq edib. Bu müraciətdən sonra sodomiyaya görə Jakı asırlar, eşşəksə bəraət qazanır.