Uşaq vaxtı iri qabaritli dəniz-okean əhli mənim üçün 2 qrupa bölünürdü: delfinlər (müsbət canlılar) və köpək balıqları (pis-pis canlılar). Rusca adı mehribanyanə səslənən (“Kosatka”) canlının o vaxt öz dilimizdəki adını bilmirdim. Öz dilimizdə də adı “Qatil balina” imiş. Çöhrəsində də belə nurani gülüş ifadəsi var bu moşennikin. Elə o vaxtlarda qardaşlarım sağ olsunlar, nə məqsədləsə aparmışdılar məni “Aysberqlər arasında ölüm” filminə baxmağa. Filmdə də qatil balina həyat yoldaşı və körpəsinə təcavüz etmiş insanları o nurani gülüşüylə bir-bir gəbərdirdi. Həssas körpə psixikam mələdilmiş halda çıxmışdım o kinoteatrdan. İlk ağ saçım da yəqin elə onda peyda olmuşdu mən bilən.
Bu nur üzlü varlığa niyə belə biədəb ad qoyublar ki?
Uzunluqları 10 m, çəkiləri 8 tonadək olan qatil balinalar əslində elə delfinlər fəsiləsinə aid imiş. Yemək-içməyi bol olanda başqa balinakimilərlə ədəb-ərkanla salamlaşıb gedir işinə-gücünə. Vay o gündən ki, ac vaxtına düşə, yeməyə bir tikə tapa bilməyə. Belə halda 13 sm-lik 40-60 ədəd dişləri ilə balina-suitisinə baxmadan hamısını qırıb-çatıb-yeyir. Şikarın ölçüsü öz ölçüsündən iri olanda sürüylə hücum edirlər. İlk həmlədən öldürə bilmədiklərini dişdəm ala-ala əldən salıb basışdırırlar. Özü də sanki bu gəbərdilmə prosesindən həzz alırlar. Buz parçası üstə sığınacaq tapmış suitini, məsələn, buz qarışıq o qədər ora-bura yellədirlər ki, axırda suiti bezib “Allah ürəyinizi çəksin” deyib yedirdir özünü onlara. Çəkisi 50 ton, uzunluğu 20 m olan hər bir özünə hörmət edən kaşalot balina həyatında minimum 1 dəfə də olsa qatil balinanın dişdəminə məruz qalır. Eyni ölçülü köpək balığı ilə qatil balina cırışsa – qalib ikinci olacaq.
Qatil balinalar ailəlikcə qruplaşma şəklində yaşayırlar. Qruplaşmanın üzvləri bir-birilərinə çox bağlanır, münasibətləri də düşmən gözü çatladacaq dərəcədə mehriban olur. Xəstə bacı-qardaşlarına hər zaman yardım üzgəcini uzadırlar. Ov zamanı dişilər balalarla kənarda özlərini günə verir, ovda yalnız yaşlı və güclü fərdlər iştirak edirlər. Ovladıqları şikar, məsələn, iri qabaritli balina olanda əvvəlcə onun dilini, boğazını və dodaqlarını yeyirlər. Dil ümumiyyətlə onlar üçün handa bir delikates sayılır, ona görə də elə ilk olaraq hələ də diri olan şikarının ağzını ayırıb dilini qoparmağı qarşılarına məqsəd qoyurlar. Gün ərzində 150 kiloqramadək qidaya ehtiyacları var.
Hərdən bir neçə qruplaşma müştərək ova imza atmaq və əlüstü nəsil artırmaq üçün birləşirlər. Hər qruplaşmada qohum-qardaş olur deyənə bu addımı atırlar ki, əmioğlu-bibiqızı nikahlarına yol verilməsin.
55 km/sürətlə üzən bu balinalar hər yerdə üzüşürlər. Qara və Şərqi-Sibir dənizlərindən başqa. Bilmirəm niyə.
Amma qatil balinayla bağlı qiryətli xəbərim də var. İnsanlara qarşı çox mülayim davranıb bəzən heç adam yerinə də qoymurlar. Hücum etmiş olsalar da bilin ki, bu ya xəstə balina olub, ya yaralı, ya da özünümüdafiə məqsədi daşıyıb. Yəni dişləyib eləsələr sizi çox da qınamayın, bilin ki, buna sanballı səbəb olub. Çox zəkalı olduqlarına görə rahat əhliləşirlər. Bu vaxtadək vəhşi təbiətdə qatil balinanın insana hücumu qeydə alınmayıb.
Öz aralarında “tranzit” və “rezident” növlərə bölünürlər ki, “tranzitlər” daha qəddar olub ancaq iri heyvanlarla qidalanırlar. “Rezidentlər”sə daha çox iri balıqlara üstünlük verirlər. Qəribə odur ki, bu iki növ arasında cütləşmə də olmur.
Cütləşmə dövründə dönüb olurlar bir qara it. Çox aqressivləşirlər. Dişi 15 yaşında ailə qurmağa hazır olur. Amma 21 yaşınadək üzgəci erkək üzgəcinə dəymir. Hər bir dişi 35-40 yaşınadək 1,5-2 metr uzunluğunda cəmi 5-6 bala dünyaya gətirir. Hamiləlik müddəti də 17 ay çəkir.
Erkəklər 35, dişilərsə 50 ilədək yaşayırlar. Dişilər spora girəndə 70-80 il də yaşaya bilirlər.