Gərək elə mütləq it-pişik-tısbağa saxlayasız? O qədər evinizin bəzəyi olmağa layiq ismətli heyvanlar var ki!.. Bir-birindən ekzotik.
FENEK
Maksimum 1,5 kiloqramlıq bu şirin şəlpəqulaq son zamanlar çox insanın evinin yaraşığı olmağa iddialıdır. Çox mehribandır. İlk dəqiqələrdən can desəz can da eşidəcəksiz ondan. Nəbadə səsinizi qaldırasız fenekə. Ölənəcən dindirməz adamı. Fenek minimal tələblə evinizin sakininə çevrilməyə hazırdır. Yetər ki, qumla doldurulmuş 1 otaq ayırasız ona. Hər kəsin evində onsuz da 1-2 lazımsız boş otağı olur. Basarsız birinə feneki, yaşayar özüyçün.
KAPİBARA
63 kiloqramadək çəkisi olan kapibara gül kimi sözəbaxan, mehriban, rahat əhliləşən, evdə it-pişik varsa – onlarla da o dəqiqə podruqa olan bir canlıdır. 1 qram aqressivliyi yoxdur. Elə dəhşətli tələbi də olmur ev yiyəsinə. Suyu ilboyu ilıq olan iri hovuzunuz olsa bəs edər. 3-otaqlı evdirsə, 2 otağını birləşdirib hovuz kimi istifadə edərsiz, çimişər. Çətin şey deyil ki.
AKSOLOTL
30 santimetrədək olur. Nəsli kəsilmək üzrədir yazığın. Qayğısına qala bilsəz savab iş görmüş olarsız. 100-cə litr su lazımdı ona, suyun temperaturu da +21 dərəcədən yuxarı olmasın (14-20 dərəcə arası idealdır onlar üçün), böyrü-başında digər balıqlar olmasın, çünki balacasını özü yeyəcək, böyüyü də bunu yeyə bilər. Ələ götürmək olmaz, çünki insanın əlinin temperaturu onun üçün çox isti sayıla bilər. Akvariumları gərək istilik cihazlarından uzaq olsun, qaldıqları otağın özünün də temperaturu tənzimlənməlidir hər zaman. Su həmişə təmiz olmalıdır, filtr qoşsaz əla olar. Amma filtrin yaratdığı dalğacıqlar çox güclü olmamalıdır, çünki aksolotlun qəlsəmələri zədələnə bilər. Akvariumun içindəkilərin də iti ucu olmamalıdır, həssas dərili aksolotl bunu sizə bağışlamaz. İstəyəsi olmadız? Nəmm, baxın da…
KİSƏLİ ŞƏKƏR POSSUMU
Üzünə baxan kimi adama gəl-gəl deyir. Bapbalaca, mehriban, sahibinə çox alışan possum hətta bəzi komandaları da yadında saxlaya bilir. Evdə saxlanması da çox rahatdır. Yetər ki, onun qəfəsinə qoyduğunuz qabdakı sudan necə istifadə etməyi ona öyrədəsiz, çünki özünün ağlına gəlməyə bilər ki, qabdakı sudur və susuzluqdan ölə bilər. Hə, bir də gecələr aktiv olur, yatmır, səs salır, yiyəsini haraylayır. Siz də yatmazsız da. Nə olasıdı ki?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir