Milyon il əvvəl ən ağırçəkili tutuquşu sayılan kakapodan soruşublar: “Niyə uçmursan ki?”, o da deyib: “Neymə lazım?!”
Həqiqətən milyon il əvvəl yalnız Yeni Zelandiyada yaşayan kakaponun uçmağa ehtiyacı yox idi. O vaxtlar adam-zad da hərləmirdi. Dinozavrın adı gələndə sifətini turşudurdu, çünki heç onu da forsuna yaraşdırmırdı.
Yaxşısını yeyib, yaxşısını içirdi, ən sanballı ərazilərdə də gəzib-dolaşırdı. Bir təbii düşməni vardı, o da maori qəbiləsinin nümayəndələri. Onlar da, adamın başının üstündə Allah var, ancaq acandan-acana dinməz-söyləməz gəlib yemək üçün 1-2 kakapo tutub sağollaşıb gedirdilər.
Arada qanad çalıb uçasıyı da gəlib, sonra da fikirləşib ki, oxot var 5 kiloqramlıq əndamı göyə qaldırmağa? Elə yerdəcə gəzişməyə qərar verib. Belə xala-xətrin qalmasın deyə 20-25 metrlik hündürlükdə toyuq kimi nəsə uçmaq-fason bir şey edir. O da caynaqlarının köməkliyi ilə ağaca dırmaşandan sonra düşmək vaxtı çatanda.
Kakaponun şad-xürrəm həyatı polineziyalılarla (XI-XIV əsrlər) avropalıların (XVII əsr) adaya ayaqaçdısına qədər olub. Gələndə özləri ilə pişik-siçan, qaraquyruq gəlincik və s. də gətiriblərmiş. Bu heyvanların da ayağı bir az yer alan kimi kakapoya pis gözlə baxmağa başlayıblar, onları əsas ov hədəfləri kimi seçiblər. Beləcə də kakapoların qara günlərinə start verilib.
Əvvəllər boy-buxunları ilə özlərini model kimi hiss edən kakapolar (60 sm) sonradan peşman olublar ki, kaş sərçə boyda olardıq, amma lazım olanda bu it-qurdun əlindən rahat uçub canımızı qurtara bilərdik. Əfsuslar olsun ki, artıq gec idi. Ana təbiət kakapoların milyonca il qayğısız yaşamalarını dimdiklərindən gətirdi. Kakapo da qalır dizinə döyə-döyə ki, milyon il şıllaq atmaq əvəzinə uçmağı öyrənsəydim indi hər yoldan keçən it-pişiyin desertinə çevrilməzdim. Nə biləydim?! Qismət!
Yalnız gecələr yuvasından çıxan biçarə kakapo handabir ərköyün və kübar quşdan gözüqırpıq tutuquşuya çevrilərək başlayıb palaza bürünüb Zelandiyayla sürünməyə. Bir də baxıb ki, azala-azala sayı cəmi bir neçə yüz fərd qalıb. Tərslikdən də 2-5 ildə 1 dəfə nəsil artırırlar. Dişilər ana olma həvəsinə 5-11 yaşında düşürlər.
Yanvar-fevral aylarında erkək fərd başlayır özünü sırımağa. Tutuquşular içində təkcə onlarda boğaz torbası (zob) olur. Onun hesabına qızı haraylamaq üçün 5 km məsafədən də eşidiləcək əcaib səs çıxarır. Səs daha gur çıxsın deyə torpaqda bir-birindən aralı çoxlu sayda 10 sm dərinliyində quyular qazır və növbəylə hər bir quyuya girib ordan bağırır. Bu proses bir neçə ayadək də davam edə bilər. Erkək hər gün 8 saatadək quyudan-quyuya tullanaraq bağırır. Nəhayət karqalmış dişi eşidir, özünü yetirir buna. Cütləşmədən dərhal sonra dişi qayıdır gəldiyi yerə, 2 (bəzən 4) yumurtasını ərsəyə gətirib onlara yiyə durur. Erkək isə hələ bir müddət yeni dişi həsrətiylə bağırmağa davam edir.
40-60 il (bəzi mənbələrdə 80-90 il) yaşayan kakapodan 2019-cu ilin yanvar ayına cəmi 147 fərd qalmışdır (hal-hazırda – 184). Gəmiricilərdən və s. təmizlənmiş 3 kiçik adada yerləşdiriliblər. Nəyi var qorunurlar.