Faunada dişilər tərəfindən heyvan yerinə qoyulmayan erkəklər çoxdur. Yadınıza gəlir, zülmlə ev tikib qarşısında şilküt olunca rəqs edib dişinin “həri”sini almaq üçün şıllaq atan cənnət quşu? Dişi də axırda gəlib “pff” eləyib uçur gedir. Ya da dəvədəlləyi: kişiylə min oyundan çıx, ən romantik momentdə də tut yazığın başını ye… Biçarə erkək dəniz atı hələ!.. O cür əziyyətlərə qatlan: özün elçi get, özün toy elə, axırda da elə özün hamilə qal. Çoxdu e belə bəxtiqaralar.
Amma aralarında qismən yarıyanlar da var. Məsələn, Avstraliyada yaşayan emu quşunun erkəyi (boyları 150-190 sm, çəkiləri 18-55 kq). Adətən bir neçə emudan ibarət hərəmxanası olur (bəzən biri ilə də kifayətlənir). Arvadları bütün günü başına dolanırlar: onu geymə səni arıq göstərər, bunu geyin, orda uzanma gün vurar, burda uzan, orda başıvı quma soxma düşər-düşməzliyi olar, burda sox, daşın üstündə oturma uşağın olmaz, gələ sənə döşəkçə, bas altına… Bir sözlə – doşab alıb bal çıxıb bu erkək emu.
Nəbadə xalxın dişi emusu ərlərinə göz qoya! Özü də cütləşmə dövrü sayılan may-iyun aylarında. Onu qitə boyunca sürüməsələr ürəkləri soyumaz.
Amma hər şey bu boyda ideal ola bilməzdi. Bunu erkək emu da başa düşür, ona görə də bir üzü gülür, o biri üzü isə mandrajdan periodik əyilirdi. Hərdən özü-özündən də şübhələnirdi ki, neujeli mən o qədər zoram ki, bu qədər dişi sino gedir mənim üçün? Dəqiq olsun deyə arada özlərindən də soruşurdu: “Aşklarım, həqqi zoram mən?” Onlar da bir ağızdan: “Bax, uje xətirlərimizə dəyirsən, bu nə sualdır?! Əlbəttə!” deyib kişini arxayın edirdilər. Bu da sevincək olur ki: “Əgər zor ərəmsə, deməli, zor ata da ola bilərəm də! Davay e – yumurtlayın!”
Ərin bir sözünü iki etməyə alışmayan dişilər də yumurtlayırlar. Ümumilikdə 15-25 ədəd yaşıl-göy-bənövşəyi rənglərin qarışığından ibarət yumurta ərsəyə gətirirlər. Hamısını da yığırlar uşaqların atalarının düzəltdiyi yuvaya. Kişiyə də tapşırırlar ki: “Əzizimiz, sən 5-10 dəqiqə qırt düş, biz uşaqların metrikalarını alıb gəlirik”. Kişi də dırmaşır qırt düşür. Düz 56 gün! Demək olar ki, yemir, böyründəki otların şehindən də susuzluğunu yatırır. Taqətdən düşür. 16 kq-dək arıqlayır. Əsəbləri də tarıma çəkilir. O dərəcə kontujennıy olur ki, ayağının bir zərbəsiylə insan sümüyünü belə sındıra bilər.
Nəhayət balalar peyda olur. Bir neçə günə yuvanı tərk edirlər. 5-6 aydan sonra isə artıq emu olub emulara qoşulsalar da, bir o qədər də ata ocağında qala bilərlər.
Bu hələ yarıyanımızdı…