Təbiətdə “partenogenez” adlı qəşəng bir hal varmış. Ona-buna minnətçi düşmədən, hər yoldan keçənə ağız açmadan təkbaşına nəsil artırmaq olur. Bekarçılıqdan “Ürəyim qısıldı, gedim hamilə qalım” deyib eləcənə oturduğu yerdə partenogenezini xoddayıb ana olanlarımızdan biri ilə tanış olaq.
– Qamçıquyruq Meksika kərtənkələsi.
Bu yazıq kərtənkələ doğulur, indi uşaqdı da hələ, nə bilsin partenogenez söhbətini. Aralarında pərdə var deyə anasından da soruşammır ki “Ay ma, bəs məytəfdə, qonum-qonşuda filanda niyə heç bir oğlan uşağı yoxdu? Ümumiyyətlə atam olubmu?” Suallar qalır içində.
Böyüyür bir az, görür anasının buna heç cehiz-filan almaq fikri də yoxdu. Bu moment uje dözəmmir, dilə gəlir ki “Sənin ümumiyyətlə məni ərə vermək fikrin var?” Ana ürəyi daha tab gətirə bilmir, oturdur qızını qarşısına və həqiqəti başa salır: “Mənim mal qızım, qamçıquyruq Meksika kərtənkələlərində ümumiyyətlə erkək fərd olmu…” Ananın sözü ağzında qalır, qızın sifəti çönür: “Nətər yanı? Bəs mən indi başımda fata blokun qabağında nimçə sındırıb ər üzü görməyəcəm?” Təmkinli ana davam edir: “Mamanın sözünü kəsmə, çırpılassan bu saat. Deməli, bala, bizdə erkək fərd doğulan kimi elə öz xoşuyla tələf olu…” Qızın bədahətən gələn qiyyəsi nəticəsində ana yenə nitqinə pauza verməli olur. Valerianka, cəftə suyu zad, qız bir az özünə gəlir. Ana davam edir: “Ərimiz olmasa da, əvəzində partenogenezimiz var, bala. Naşükür olma. Nə vaxt istədin, haçan ürəyindən keçdi – heç mamadan soruşma, qal hamilə”.
Bu proses necə baş verir?
Özü ölüb, adı qalan erkəklərin ruhları dişiləri hər zaman təqib edir. Elə buna görə də dişilərin nəsil artırmaları üçün mütləq qaydada stimulyasiyaya ehtiyacları olur. Erkək fərd də yoxdursa bunu necə etsinlər?
Dişilərdə anadan olandan erkək hormonları da olur və nəsil artırma zamanında dişinin harayına podruqası gəlir. Yardım məqsədiylə podruqa erkək fərd roluna girərək hormonlarını ona peşkəş edir.
Bir oturuma 4 yumurta qoya bilir, hansılardan ki, 2 ay ərzində bala çıxır. Özü də ildə 2 dəfə.