Gəlini tərəfindən cehizlik xrustal stəkanı sındırıldığından sifəti çönən qaynana tipli balığımız. Adı da Qırmızıdodaq yarasa balığı (tilovkimilər dəstəsi).
Qalapaqos adalarının sularında gəzir. Bəli, gəzir. Suyun dibində. Bunun üçün də döş üzgəclərindən istifadə edir. Ev-eşiyi 3-120 metr dərinlikdə olur. 20 santimetrlik boy-buxunlu bu balığın dodaqlarının rəngi hələ də alim qardaşlara çatmır. Dəqiq bilmirlər bu al rəng nəyə xidmət edir. Ona görə də hərəsi ağzına gələn bir versiya deyir. El içində xar olmamaq üçün ümumi fikrə gəliblər ki, dodağın rəngi cütləşmə dövründə özü kimisini tanıması üçündür. Guya.
Bütün nə ki üzgəcləri var – hamısını öz forsuna uyğun dəyişib. Nəticədə yan üzgəcləri də yarasa ayaqlarına oxşar hala düşüb. Elə adı da ona görə belədir. Qəlsəmələri bir başqa aləmdir: “qanadlarının” arxasında, dəlik şəklində.
Üzə də bilirlər e. Amma Allah kəssin belə üzməyi: suyun dibindən bir neçə sm hündürlükdə və qısa məsafəyə.
Bu balıq o balıqlardandır ki, şikarını aldadıb mədəsinə salmaq üçün başındakı tilova bənzər haqq-hesabdan istifadə edərək min oyundan çıxır.
Əvvəl “Mənim tilovum var, mən zoram, sizsə yox!” deyib hamının üstünə it kimi hürürdü. Amma bir müddət keçəndən sonra başa düşdü ki, suyun dibində yaşayanlar çox da tilov-milov hərləmirlər, fısı yatdı. Ağlına başqa ideya gəldi və həmin o tilov vasitəsilə ətrafa xüsusi kimyəvi qoxulu maddə səpələməyə başladı. Suyun dibində torpaqda gizlənmiş ilbiz filanlar da maldılar axı, bu qoxunu duyanda qeyri-ixtiyari torpaqdan çıxırlar ki, yeyib-içmək var və gedirlər birbaşa balığımızın mədəsinə. Belə eşələyib torpaqdan kimisə çıxarıb yeyə də bilir.
12 ilədək yaşayırlar.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir