Gözün yolda qalması pis şeydi. Yenə məktub, nə bilim elçi-filana görə yolda qalan gözün dərdi dözüləndi. Vay o gündən ki, bədən üzvü sizi tərk edib dura düzələ yola, siz də oturub gözləyəsiz ki, indi gələr, bu saat gələr. Özü də bədən üzvü deyirəm e sizə! Poçti çörək ağacı!
Arqonaft səkkizayaq (osminoq) doğulur, yaşayır, gələcəyə planlar qurur, arada 5-10 manat da qətdələyir qoyur qırağa ki, xeyir işində ata-anasını çox naqruzkaya salmasın… Vaxt-vədə yetişir, həddi-buluğa çatır, elə oturub restoran seçən moment bir də əlini atır görür ki, bədənində elə bil nəsə çatışmır. Ətrafa göz gəzdirəndə görür ki, nəsil artırma orqanı (hektokotil) nə sənə-nə mənə – durub düzəlib yola… Bu halda nəsil artırma orqanı rolunu qollarından biri oynayır. Qoldakı fərasətə bax ki, adi vaxtlar elə qol funksiyasını yerinə yetirir, amma vaxtı çatanda qəfildən sürətlə böyüməyə başlayır və səkkizayaqdan ayrılaraq ondan xəbərsiz bir qucaq spermatoforu da vurur qoltuğuna çıxır aradan. Gedir dişi axtarmağa. Özü də dişinin ölçüsü erkəyinkindən 20 dəfə böyük olur. Erkək həşirə düşüb başına-gözünə döyüncə bir də baxır ki, aliment kağızı da gəldi…
Qol gəlib dişini tapınca qapını təpiylə açıb birbaşa gedir onun mantiya boşluğuna, ora çatanda da atası evindən gətirdiyi spermatoforları “partladır” və ismətli dişinin də oturduğu yerdə bir adı iki olur.
Cuppulu erkək və o boyda dişi bir dənə qolun zibilinə düşürlər. Dişi yazıq “Bu mənədi? Mənə döyül axı, ay camaat…” deyincə iş işdən keçir. Özü də bu üzlü qol dişinin mayalanmaya hazır olma anınacan onun içində əyləşib yengə kimi gözləyir.
Bunlar görəsən niyə camaatın qızı-oğlu kimi normalcasına bir yastığa baş qoymurlar? Səbəb odur ki, səkkizayaqların əksər növləri özlüyündə çox asosialdırlar. Dişilərinin ölçüləri erkəklərdən daha böyük olur və bu səkkizayağayovuşmazlar çox vaxt erkəklərə qida mənbəyi kimi baxırlar. Yəni istədiklərini alandan sonra basıb yeyə də bilərlər. Təbiət də qalıb neyləsin ki, həm nəsil artırsın bu erkək, həm də sağ qalsın – başlayıb onu palaza bürüyüb okeanla sürüməyə.
Kaş bunlar da erkək dəniz atları kimi özləri doğaydı, amma başlarına bu müsibət gəlməzdi.