Durian adlı meyvə var. Çəkisi 5 kq-dək olur, ölçüsü 30 sm. Haqqında eşidəniniz də var, onu dadanınız da. Mən eşidib dadmayanlardan idim. Kaş elə də qalardım. Çünki it iyi verir.
Di gəl ki onu, məsələn, Tailandda “meyvələrin şahı” adlandırırlar. Dadına, faydasına görə. Faydası həqiqətən danılmazdır. Tərkibi A, B, C vitaminləriylə vız vurur, kalsium, kalium, natrium, fosfor, dəmir-dümür – nə desən var. Durian həm də tərkibində üzvi kükürd olan yeganə yeməli meyvədir.
Gedirdik maşınla, birdən maşındakıların 90%-i “Durian!” deyib bağırdı. Mənim də bağırasıyım gəlirdi, amma bir o qədər də yox. Çünki olmazın qoxusu qarşısında nə edəcəyimdən bixəbər idim.
Sevincək düşüb qaçdılar durian satılan tərəfə. Mən də qaçırdım. Onda hələ ayağım sınmamışdı. Ona bir neçə metr məsafə qalmış qoxuya cavabdeh reseptorlarım kişnədi. Hava da isti, rütubətli, bonus kimi də durian iyi. Amma artıq iş-işdən keçmişdi. Mən onunla üz-üzə idim. Kəsdilər. Barmaq ucu boyda olan bir tikəsini atdım ağzıma. Saçlarım ağardı…
Hər kəsdə onun dadı ilə bağlı eksklüziv fikir formalaşır: qoz-pendir dadı, banan, manqo, ananas, artıq yetişmiş papaya və vanilin birləşməsini xatırladan krem dadı, dondurma, soğan, ədviyyat və banan qarışığı, qurudulmuş xurma ilə çiyələk…
Amma əfsuslar olsun ki, qoxusu dadıyla bir komplektdə gəlmişdi. 1-2 nəfər xaric qrupdakılardan onu dadanların hamısının reaksiyası eynən məndəki kimi oldu. Yeyəmmədim, atdım. Əlimi sonra 2-3 saat sabunla yusam da o qoxu hələ də hiss olunurdu. Çürük soğan iyi bütün çılpaqlığı ilə qarşımda idi.
2-3 gün sonra doğma qəbiləmizdə durian məclisi elan olunanda cəngəlliyə çəkilib hönkürmək istədim. Amma gördüm ki, burdakı durianı dadanlar bir o qədər də dad çəkmir qoxusundan. Ehtimal ki, ismətli sortundan idi. “Öz dərdim özümə bəsdir” deyib bu dəfə dadmadım.
Yəni hardasa qarşınıza çıxsa, dadmaq istəsəz – bilin işinizi. Tailandda güclü spesifik qoxuya görə meyvənin əksər ictimai yerlərə, o cümlədən avtobuslara, metrolara, otellərə və hava limanlarına gətirilməsi qadağandır. Əks halda, 1000 dollar cərimə.
P.S. Amma dondurmasının dadı babat idi.