Kəpənəkləri orda-burda görüb yazığınız gəlməsin ki, biçarələr bu həyatda nə görürlər: 2 gün, 1 həftə filan ömürləri olur zad. Onlardan bir çoxu tam kəpənəkləşənəcən yaxşısını yeyib, yaxşısını içir. Bəzən hətta 3 il ərzində. De – Cənub-şərqi Asiyada yaşayan Attacus atlas növündən olan kəpənək kimi.
Qol-qanad açıb kəpənək kimi adam arasına çıxanacan gah yumurta halında, gah sürfə halında, gah tırtıl halında keyfə baxıb, axırda da 7-14 gün xala-xətrin qalmasın deyə kəpənək vidində arada 1-2 kruq vurub rəhmətə gedir.
Özü də dünyada ən iri ölçülü kəpənək növlərindəndir (Thysania agrippina növündən sonra). Qanadlarını yelləyəndə 24 sm-dək olur.
Amma əsas xüsusiyyəti ölçüsü deyil. İş orasındadır ki, bu Attacus atlas elə ki, kəpənək oldu – dilinə yemək dəymir. Ümumiyyətlə qidalanmır. Çünki ağzı olmur. Tırtıl vaxtlarında amma olur. Elə həmin zamanda da fürsətdən istifadə edib o qədər basıb yeyir ki, kəpənək çağında o içində saxladığı qida ehtiyatı ilə dolanmağa başlayır. O ehtiyat da eləcə 7 günə bəs edir. Yeməyin başına daş salandan sonra da yıxılır ölür.
Daha bir ismətli xüsusiyyəti onun məhsuldarlığıdır. Düzdür, onun özündən olsaydı məhsul zad verməzdi, amma dərrakəli hindistanlılar, məsələn, çoxdan anlayıblar ki, Attacus atlasdan əldə olunan sap ipək qurdlarının saplarından fərqlidir. Onların sapları daha qaba və rəngi də ağ yox, qəhvəyi olur. Həm də daha davamlı və yunu da çox.
Tayvanda isə onları elə barama stadiyasında tən bölüb, içini təmizləyib onlardan pul kisəsi düzəldərək ağlar qoyurlar biçarə kəpənəyə abituriyentimizi.
Qanadlarının uclarındakı naxışlarına görə onlardan it kimi qorxanlar da var. Çünki baxan elə bilir ki, ilandır. Elə bunun sayəsində bircə həftəlik kəpənəklik həyatlarını layiqincə yaşamağa şərait yaranır.
Dişilər eləcə bir yerdə əyləşib ər həsrətiylə feromon səpələyirlər ətrafa. Onun qoxusunu biz insanlar hiss etmirik. Amma erkək fərd 2 km məsafədən də onu duyur, axtarır, tapır və xoşbəxt olur. Dişi də UZİ-dən çıxan kimi gedir yarpaqların arxa tərəfinə qırmızı-qəhvəyi (diametri 25-3 mm) yumurta qoymağa. 1-2 həftədən sonra tırtıllar görünür və ana kəpənək “Başınıza çarə qılın, balalar” deyib missiyasına son qoyur.