Yalnız 1931-ci ildə tədqiqatçıların gözünə sataşan hadzalar planetimizdə sağ qalan sonuncu ovçu-toplayıcı qəbilələrindən sayılırlar. Heç nə əkib-becərmirlər, mal-qaraları da yoxdur, avtomobil filandansa söhbət gedə bilməz. Bütün qidalarını təbiətin qoynundancan alırlar. Tanzaniyanın şimal hissəsindədir ev-eşikləri. Dünya alimləri ilk insanların məhz hadzaların yaşadıqları ərazilərdə peyda olduqlarını iddia edirlər. Hələ də odu qədim insanların əldə etdiyi üsulla alırlar.
Sayları təxminən 1300 nəfər qalıb. Onlardan 400-ə yaxını əməllicə ovçu-toplayıcıların ənənəvi həyat tərzini aparırlar. Ov üçün nizələrin başlıqlarını, adətən, daşdan düzəldirlər. Amma əllərinə pul düşəndə (turistlərdən) başlıqlar üçün dəmir, marixuana və tütün alırlar. Pul düşməyəndə də çox vaxt bal toplayıb onu dəmirə dəyişirlər.
Alimlər qəfildən hiss ediblər ki, hadzalar nə ürək-damar xəstəliklərindən, nə bağırsaq xərçəngindən, nə şəkərdən, nə aterosklerozdan və nə də digər gic-gic xəstəliklərdən əziyyət çəkirlər. Paxıllıqlarından səslərini atıblar başlarına ki, “Xeyirdimi? Niyə yeyirsiz, amma kökəlmirsiz? Niyə ürəyiniz çiçək kimi işləyir?” Sualları verəndə baxıblar ki, hadzaların göz-başları nəsə şübhəlicəsinə qaynayır. Sən demə, hadzalar başqa bir qədim sirri də göz bəbəyi kimi qoruyurlar: sağlam qan damarlarını qorumaq üçün necə düzgün oturmaq sirrini. Bunu eşidən alimlər artıq dözəmməyib qoyublar hadzaları qabağlarına və başlayıblar bunların səbəbini araşdırmağa.
Hadzaların alimlərə yazığları gəlib və bunun səbəbini özləri açıqlayıblar: orqanizmlərində triqlitseridlərin səviyyəsinin az olması. Bu sözü mən də ilk dəfə oxuyanda saçlarım ağarmışdı. Uzun-uzadı əngə verməmək üçün tezbazar deyim ki, triqlitseridlər (bundan sonra sizi şoka salmayım deyə eləcənə “t” yazacam) bədən hüceyrələri üçün əsas enerji mənbələrindən biri olan yağlardır. Onların səviyyəsinin artması ürək və damar xəstəlikləri riskini, həmçinin kəskin pankreatitin inkişaf riskini artırır. Orqanizmimiz hərəkətsiz qalınca da (məsələn, uzun müddət oturub qaldıqda) bu gözünə döndüyüm t-lar xoddanıb artırlar.
Biz adətən kreslo, divanda leş olub sərələnməyə üstünlük veririk. Belə halda nə ki, əzələmiz var hamısı qəşş eləyib gedir işinin dalınca. Elə əsas problem də bundan başlayır.
Bunu araşdırmaq üçün alimlər yenə başlayıblar hadzaları güdməyə. Məlum olub ki, yaşlarından asılı olmayaraq onlar adətən ya diz çökərək otururlar, ya da çömbəlirlər (“sallağı”). Bu pozada da göz-baş olmamaq üçün daim tarazlığı saxlamaq lazımdır. Bu da stulda və ya sadəcə yerdə oturmaqdan 5-10 dəfə çox əzələ gərginliyi tələb edir. Bu pozada bəzən gəzinti və digər yüngül fiziki fəaliyyətlərdən daha çox gərginləşmək lazımdır. Hadzaların sirri onların daha az və ya gec-gec oturmaqlarında deyil, bizdən fərqli olaraq onların bunu alimlərin “aktiv istirahət duruşu” adlandırdığı şəkildə etməsidir. Onlar bu cür istirahət etdikləri zaman arxa və ayaq əzələləri həmişə bir az gərgin olur. Və bu kiçik gərginlik qanda t-ların optimal səviyyəsini saxlamaq üçün kifayət edir.
Amma bəzi etalon sağlamlıq göstəricilərinə baxmayaraq, hadza xalqı ağır primitiv şəraitdə yaşayan bir çox xalqlar kimi uzunömürlü deyil. Ölüm nisbətinə görə 15-35 yaş qrupu liderdir.