“Kişilərə qarşı zorakılığa son!” silsiləsindən 3-cü sarsıdıcı yazım.
Adamın başının üstündə Allah var, o birilərə baxanda yovşan sisəyinin dişisi bir az qiryətlidi. Niyə? Çünki kişini toy gecəsi tam yemir. Bir hissəsini. Ona yemək də demək olmaz e, elə bil kokteyl içir. Deyəcəm indi.
Elə ki, erkək sisəy həddi-buluğa çatır – qoyur özünü dağ başına. Çünki ordan-burdan eşidir ki, yovşan sisəyləri arasında bakir oğlan uşağına tələbat həddindən artıq çoxdur, dişilər eləsini göydə qapırlar.
Bakir-bakir oturub qanaddan əlil atasına ürəyini boşaldır:
– Papa, fikir vermisən necə zoram mən? Üzümə demək olmasın, küçəyə çıxan kimi, nə ki dişi var – hamısının ağzının suyu axır məni görəndə. İlahidən bir sisəyə bu qədər simpatiçnilik niyə verilsin ki? Bir dənə elə qanadlarım nəyə desən dəyər, adam istəyir altında…”
– Saxla bir dəyqə. Elə o qanad məsələsində də stop elə.
– Niyə ki? Özü də qanad deyil e, elə bil sellofan kulyoka çuğundur vareynəsi doldurub bağlayıblar belimə. Qıpqırmızı. Kstati, sənin qanadın niyə o gündədi, ay pa?
Bu moment atanın gözləri yaşarır, qəlbi kişnəyir, intonasiyayla kövrəlib əlil qanadına (daha doğrusu, qanadından qalana) baxa-baxa gözü yol çəkir…
– Səni yarannan qanayasan, bala. O qanadımı sən sisəy oğlu sisəyin dünyaya gəlməsi üçün qurban vermişəm. Bil və agah ol ki, anan Sisəyxanımla evləndiyimiz günədək mən də sənin kimi urvatlı qanad sahibi idim. Amma anan neynədi? Elə toy günü çeynədi onu. Sağ olsun yenə dibində nəsə qoydu.
İş orasındadı ki, cütləşmə momentində dişi yovşan sisəyi erkəyin qanadlarını qismən yeməklə qanadlarının içindəki qanı çəkir başına. Enerji yığır. Elə bil daş daşıyacaq.
Qanadı ağlar qalmış erkəklər də digər dişilər üçün artıq əvvəlki kimi iştahaçan görsənmirlər. Ona görə də dişilər üçün həyatında ilk dəfə özünü buraxan sisək daha marağlı və faydalı olur. Çünki daha çox qanlarını içməyə şansları olur.
Qanadı dibində qalan biçarə erkəklərəsə öz xoşuyla ya əlimyandıda olan dişi “hə” deyəcək, ya da özü kimi hayhayı gedib, vayvayı qalmış. Ona görə də “öz xoşu” söhbətini həmin erkək qoyur bir kənara, ümidi qalır dişiləri tutub saxlamaq üçün belindəki yaylı tələ şəklində olan dişlərinə.
Elə ki, təzəgəlin erkəyin belinə dırmaşıb boylanır ki, görsün qanadı iştahaçandı ya yox – elə boylandığı pozadaca bir də baxır ki, artıq məcburi cütləşir. Çünki bu an artıq konveyr halını almış hadisə baş verir: erkək kürəyini yuxarı qabardıb cinsi orqanını üzüyuxarı əydiyi an onun üstünə dırmaşmış dişinin qarnındakı tələ refleksiv olaraq bağlanır və nəticədə erkəyin tələsindən qurtula bilmir. Tutulduqdan sonra istəsə də, istəməsə də dişi cinsi əlaqədə olur.
Bu söhbətdən bala yovşan sisəyinin qanadları biz-biz olur, gedir cəftə suyu içməyə.