Empididae adlı bir həşərat var, milçəyə oxşayır. Bütün günü pilatesləri sülənib fiqurasını abıra mindirirdi. Olmuşdu fotomodel. Di gəl əks cinsdən bunu it yerinə qoyan olmurdu. Əməllicə depressiyaya düşmüşdü ki, niyə də axı, niyə? Niyə bütün günü yeyib-içib kökələn qızlar bir ucdan ərə gedir, bu isə pilatesdə şilküt edir özünü, amma üzünə elementar pis gözlə baxan da yoxdu?
Durur gedir psixoloqa. Dərdini səpələyir psixoloqun ətəyinə. O da qulaq asır, tutur söhbəti.
– Hörmətli bəxtiqara pasient, sizə bir məsləhətim var: əl çəkin pilatesdən. Əksinə, yeyin, için, çəki artırın.
– Sənə psixoloq diplomu verənin…
– Abrınızı gözləyin, dediyimə əməl edin. Ana boyunu yerə soxduğum vaxtında sizə bu məsləhəti versəydi, indi handa bir evin xanımı idiz. İş orasındadır ki, empididae-lərin kişiləri ancaq ətli-canlı, ana olmaq üçün himə bənd olan və buna da artıq tam hazırlıqlı dişilərə meyl salırlar. Çünki elə vid-fasonu olan dişilər yaxın zamanda yumurta qoymağa meyilli olurlar, bu da öz növbəsində ona işarə edir ki, onların başı qarışıq olur və yad kişilərə “hə” deməyə də vaxtları olmur. Həm də ölçü nə qədər çox olarsa – bala istehsalı da bir o qədər uğurlu olar.
Hətta kökəlməyə macal tapmayan dişilər görüşə getməzdən əvvəl kolluqda xəlvətə çəkilib qarınlarının hər iki tərəfindəki kisələri süni yolla havayla doldururlar ki, qırağdan baxanda təbii ölçülərindən 3-4 dəfə daha kök görsənsinlər.
– Doxtur, nəyə desəz and içim, əsas ərim olsun, elə bu fiqurayla da ən posledniy milçək olaram əgər xalxın kişisinə göz-qaş eləsəm! Nə qədər də lazımdı doğum.
– Təbiətin konstitusiyasına xor baxmayın, xanım, dediklərim artıq bir qanundur. Belə olmalıdır. Erkək həmempididae-ləriniz bu qanuna ciddi riayət edir, and içmək-filan da hərləmirlər. Elçiliyə yollananda da bir qucaq yemək-içməklə gedirlər. Sizi doyuzdurmaq üçün.
– Mən bir kulyok ərzağa satılan qızlardan deyiləm!
– Səallah?! Onda qalın ər üzünə həsrət! Dişi empididae-lərin hamısı ləlöyündü, biləsiz. Erkəklər də bunu bilir və bu yemək-içməyi də məhz cütləşmə anında gözünüzə təpmək üçün sizə gətirir. Bunsuz iş mümkün deyil. Həm də bir özünüzə heç sual vermisiz ki, niyə erkəklərlə dişilərin görüş yeri gözdən xəlvət künc-bucaq yox, açıqlıq yer olur?
– Skvoznyakda yəqin daha maraqlıdı da cütləşmək, doxtur…
– Heç də təəccüblü deyil ki, bu ağılla hələ də subaysız. Açıqlıqda dişilər göylərə pərvaz edib öz əndamlarının qabaritlərini daha aydın şəkildə erkəklərə nümayiş etdirə bilirlər. Erkək də ən ətli-canlı dişini rahatlıqla sezib onu doyuzdurmağa tələsir.
– Doxtur, mən yeyə-yeyə fikrimi cütləşmədə cəmləşdirə bilməyəcəm axı…
– O day öz probleminizdi. Qapıdan girən kimi üzbəüz kassada ödənişi edin uçun göylərə. Allah xeyir versin.