Catasetum ochraseum adlı orxideya (𝑠əℎ𝑙ə𝑏 𝑐̧𝑖𝑐̧ə𝑦𝑖) növü var. Baxırsan gül kimi güldü, amma hikkələri yerə-göyə sığmır. Daha doğrusu, dişilərinin forsu, erkəklərinsə hikkəsi.
Bu orxideyaların dişi gülləri yaman abır-ismət güdəndilər. Ərə gedəndə böyüklərdən aldıqları nəsihət o olur ki “Qızım, bir adımızı iki eləyıb özünü buraxma. Hər sezonda ancaq bir kişiyə “hə” denən”. Bu təlimata uyğun olaraq da orxideya ər evindən arılarla gələn ancaq bir erkək orxideyanın çiçək tozunu qəbul edir və o dəqiqə də ev-eşiyin qapı-pəncərəsini qıfıllıyıb başlayır bala düz-qoş eləməyə ki “Dayılarımın gözündən iraq, birdən başqa erkəkdən də nəsə gələr, doğruyarlar məni”.
Bəllidir ki, bu cür ismətli rəqabət dolu şəraitdə erkək orxideyaların cin vurur təpələrinə. Onlar da bir atanın orxideyalarıdırlar, istəyirlər məhz onların çiçək tozu bantikdə-zadda çatsın dişinin xarabasına. Durub dava-dalaşa da çıxa bilmirlər o biri rəqibləriylə, çünki bildiyimiz kimi, torpağa mıxlanıb qalıblar. Gücləri vasitəçilik edən o biçarə arılara çatır. Onların içinə girib eşələnən hər arının baş-gözünə adi toz yox, yapışqanlı çiçək tozu sürtürlər. Özü də bəzi erkək orxideyalar bunu saniyədə 323 sm sürətlə edirlər ki, biçarə arı “Ay mama!” bağırıb aradan çıxmağa macal tapmasın. Bu yapışqanlı tozun çəkisi ağlar qalmış arının öz çəkisinin 23%-ni təşkil etdiyindən arı itin zülmünü çəkib döşüyür orxideyaya ki “Ay tozu dizi üstə olan, sənə görə çalışıram da, pensiyaya çıxanda bir baxanın olsun, pis eləyirəm? Bu nədi yaxdın üst-başıma?!”
Erkək orxideya isə bu ah-naləyə məhəl qoymur, çünki bilir ki, 2-ci dəfə bu zülmlə qarşılaşmaq istəməyən arı ondan sonra qələt eləyib başqa bir yad kopoyoğlunun içinə girib tozlanmayacaq. Elə baş-gözü yapışqanlı tozla gedəcək daha qonaqpərvər dişigilə şikayət eləməyə. Dişi də pişim-pişimlə arını sakitləşdirib tozu qamarlayaraq qapını bağlayacaq. Nəticidə də 1 dişi 1 erkəkdən bala orxideyaya həyat verəcək.