Çox adam soruşur ki, Mursi qəbiləsindən olan qadınların dodaqlarındakı gil boşqabın mənası nədir, ümumiyyətlə o niyə var?
Dəqiq bilmirlər ki. Özləri bunu gözəllik üçün etdiklərinə əmindirlər. Antropoloqlar isə bu “dəbin” necə meydana gəldiyi barədə hələ də bir nəticəyə gəlməyiblər. Kimsə dodaqdakı boşqabların qəbilədə xüsusi bir status olduğuna inanır. Boşqab nə qədər böyükdürsə, qadının qəbilədəki mövqeyi bir o qədər yüksəkdir.
Başqa bir nəzəriyyə də var: Mursilər özlərini qəsdən eybəcərləşdirmək üçün dodaqlarına boşqab taxmağa başlayıbmışlar. Beləliklə də onlar müstəmləkəçilik dövründə əsarət altına düşməkdən qaça bilirdilər.
Üçüncü versiyaya görə, qadının dodağındakı boşqab nə qədər böyük olurdusa, toydan əvvəl gələcək əri onun üçün bir o qədər çox mal-qara verirdi.
15-16 yaşlarında həyata keçirilən bu mərasimin özü çox ağrılıdır. İlk olaraq qızın iki, bəzən isə dörd aşağı ön dişi çıxarılır, sonra isə alt dodaqda diametri 1-2 santimetr olan kəsik edilir. Bu adətən ana və ya nənə tərəfindən edilir.
Dodaq sağalanadək kiçik tıxac (probka) qısa müddətə həmin kəsiyə qoyulur. 2-3 həftədən sonra ilk boşqab kəsiyə daxil edilir (diametri 4 santimetrdən çox olmayan). Sonra boşqab müntəzəm olaraq daha böyüyü ilə əvəz olunur və nəticədə tədricən aşağı dodaq uzanır. Adətən boşqabların diametri 8-20 sm arasında olur, amma daha böyük nümunələrə də rast gəlinib. Məsələn, “Ginnesin Rekordlar Kitabı”na düşən dodaqlar üçün ən böyük boşqab Efiopiya sakininində olub və ölçüləri təxminən 60×20 santimetrə çatırdı.
Prosedurun bütün ağrılarına baxmayaraq, yerli qadınlar bununla fəxr edirlər. Onların hər biri öz əlləri ilə özünəməxsus gil boşqab yaradır, onu ornamentlə bəzəyirlər.
Qəbilədə olanda gördüm ki, bir çoxunun dodağının boşqabı var, digərlərinin isə yoxdur, çünki bu gün Mursi qəbiləsindəki qızlar boşqablanmaya özləri qərar verirlər.
Bununla belə, bəllidir ki, boşqablılar turistlərin diqqətini daha çox çəkir, bu da öz növbəsində onlar üçün daha çox suvenir satıb qazanc əldə etmək imkanı yaradır.