Bir gün kraliça arı bezir cavabı tapılmayan suallardan. Fikirləşir ki, evdə-eşikdə kimdən bunu soruşsa tüpürərlər sifətinə. Abrına qısılıb durur gedir sahə həkiminin yanına.
– Utanıram da deməyə, doxtur, amma daha bezmişəm…
– Həkiməm e mən, nə utanmaq? Mənim işim budu. Mənə də deməyib kimə deyəcəksən? De gəlsin.
Həkimin sözlərindən ruhlanan ana kraliça coşur:
– Deməli, doxtur, çox qəribə halla üzləşmişəm. Başımı aşağı salıb ev işləriylə məşğul idim, qəfildən elə bil bir səs gəldi ki: “Dur get ərə!” Əlimdəki işləri atıb pərvazlandım havaya. Pərvazlanmaz olaydım. Yolumu 25 mindən çox naməhrəm kişi xeylağı gözləyirmiş. Fikrimdən dönmək artıq gec idi. Elə havadaca 20-cə dəfə bir adım iki olandan sonra qayıtdım gəldim evə və…
– Niyə? 20 dəfə nədi ki? 1-2 kruq da vuraydın da. Az, sən utanmırsan arsız-arsız oturub hələ mənə də danışırsan bunları? Yiyəsizsən sən? 20-cə dəfə nəydi?! Bunu kim içəri buraxıb?
– Bəs bayaq demədiz işiniz budu zad? Nə tez sifətiniz çöndü?
– Yaxşı, day başlamısansa axıracan danış.
– Hə. Gəldim evə. Birinci başa düşmədim nə baş verdiyini. Yadımda qalan o 20 dəfə söhbəti idi. O yenə cəhənnəm. Kraliçanın başına iş gələr də. Əsas mənə çatmayan başqa şey oldu. Şey demişkən. Bu 20 dəfənin hər dəfəsindən sonra, siz də mənim bacım, elə bil cinsi orqanıma bomba qoyub partladırdılar. Nəydi o, ay doxtur?
– 25 min erkəyin arasında qıy vura bilirsən, amma o nəyin səsidi bilmirsən, aferistka?
– O yarım milyon balamın canına and olsun bilmirəm.
– Sənin ki o göz-başın qaynayıb havaya pərvazlanan momentin olur a, onda o etrafdakı erkəklər yerişindən artıq başa düşürlər hansı yuvanın arısısan. Bilirlər ki, adam balası kimi 1 nəfərə “hə” deməyəcəksən, de – iyirmisini birdən sayıb gəlmisən. Ona görə o 25 minin arasından şanslı çıxıb sənlə cütləşə bilən erkək arı haqq-hesabın sonunda partlayır və bu partlayış zamanı da onun cinsi orqanı sənin cinsi orqanında qalır. Möhürləyir səni ki, başqa erkək sənə yiyə dura bilməsin, gələcək övladlarında da məhz onun genləri üstünlük təşkil etsin.
– Nə gözəl bədii cümlələrlə danışdız, doxtur. Əvvəl ədəbiyyat müəllimi işləmisiz?
– Xəstəsən sən? Fikrini yayındırma. Hə, o partlayan erkək də bilir ki, 25 minin arasındakı şansı bir də çətin bunun üzünə gülə. Ona görə həyatını da qoyur bu yolda. Ümid edir ki, möhürü də möhkəm olacaq. O biri erkəklər həşəratlıq edib möhürü çıxarmasalar. Ya da küçə kraliçası özü dartıb çıxarmasa.
– Olar gedim?
– Get.