Babirussa qaban, ya donuz deyil. Elə babirussadır. Adı malay dilindən tərcümədə “maral donuzu” deməkdir. Özü də İndoneziyada yaşayır.
Qaban-donuzdan fərqləndirən bir çox xüsusiyyətləri var. İlk gözə çarpanı – dodağlarını dəlib çıxmış dişləridir. Belə normal dişləri də var. Amma bu bir cüt əlavə və daha uzun dişlər orqanizmlərinin ən müəmmalı detalı sayılır. Çünki həm bikar, həm də işgüzar alimlər hələ də dəqiq bilmirlər nəylərinə lazımdır bu boyda əlavə diş, hansı ki, ömrü boyu böyüyür, lap böyüyəndə arxaya əyilir və nəhayət yazıqların kəllələrini deşib böyüməyə davam edir. Yəni öz dişləri öz axırlarına da çıxa bilər.
Babirussalar bu dişlərindən nə yer qazmaq üçün istifadə edirlər (bunun üçün qabaq ayaqlarını işə salırlar), nə də erkəklərin öz aralarındakı qırğın vaxtı.
Yerlilər öz aləmlərində alimlərin köməyinə gəlmək istəyiblər, deyiblər ki, nə tupoysuz! Adınızı da alim qoymusuz, amma elementar şeyləri bilmirsiz. Bu əlavə dişlər vasitəsilə babirussalar budaqlardan sallanıb istirahət edirlər. Alimlər də pərişan olub qovublar onları ki, fərziyyəniz başınıza dəysin.
Bəs neynirlər də onları? Bilinmir ki…