Cənubi Afrikada bir moşennik bitki var, adı Ceratocaryum argenteum. Dalıyca danışmaq olmasın, düz-əməlli vidi də yoxdu. Ona görə tozlanmanın filanın başını buraxıb, bilir ki, heç bir özünə hörmət edən quş, ya həşərat bunun üzünə baxan deyil. Qara rəngli 1 sm ölçüsündə olan toxumları da qalıb əlində, bilmir kimə soxuşdursun.
Elə dərdli-dərdli yellənən moment harayına təkamül gəlib ki, çox tupoy bitkisən, belə sadə məsələni həll edə bilmirsən, öyrəşmisən hazırına. Təkamül nə dedi, nə demədisə, bunun başladı göz-başı qaynamağa. Elə ha ətrafa boylanır, yerqazan böcəyi görəndə aferistyanə baxışlarla onu süzür, kanna və bontboka antilop növlərindən kimisə görəndə isə ümumiyyətlə dəftərçəsini çıxarıb qeydlərini aparırdı.
İllər keçir, günlərin bir günü Ceratocaryum argenteum “Di indi duxuvuz çatır qarşımı alıb güldən artıq söz deyin mənə” bağıraraq keçir fəaliyyətə.
İş orasındadır ki, bu bitkinin toxumları zahiri görünüşünə görə həmin o antilopların kürə halına salınmış ifrazatına çox oxşayır. Oralarda veyillənən yerqazan böcəklər də o ifrazatları kürə şəklinə salıb diyirləndirərək aparırlar yuvalarının dərinliklərinə ki, sonradan onların üzərində öz yumurtalarını qoysunlar.
Bu aferist bitki də təkamülün təlimatına uyğun olaraq həmin o antilop ifrazatının qoxusunu düz-qoş edib öz toxumlarının üzərinə həkk edir. Başlayır toxumları ətrafa vızıllatmağa. Mal böcək də toxumun qoxusuna görə elə bilir antilopun zadıdı, sevinir ki, ay nə gözəl oldu, işimiz asanlaşdı, daha kürə halına salmağa vaxt sərf etməyəcəyik və başlayır bu toxumları diyirlədib yuvasına aparmağa.
Toxum da yuvada yerini rahatlayan kimi qol-budaq açıb torpaqdan baş qaldıraraq yaxınlığdakı mamasına “haha” smayliki göndərir.
Böcək biçarənin də şokdan ifrazatı üzündə qalır.