Aeroportlar təkcə duty-free-ləri talan edib uçuş prosedurlarından keçmək üçün deyil ki. Biz, məsələn, üç nəfər idik, Dubay aeroportunda üçümüz də siqaret çəkmək üçün ayrılmış yerdəki rahat çarpayılarda nə fason yıxılıb yatmışdıqsa, bir gedəndə, bir də qayıdanda uçuşa gecikmişdik. İngilis dilindəki söz baqajı 17 sözdən ibarət olan dostumun check-in nəzarətindəki qıza “Please, please” deməyi yadıma düşəndə hələ də gözlərim yaşarır.
Baxaq görək xalxın aeroportları sərnişinlərə daha nə kimi hoqqa təklif edir?
Hərdən olur da, uçuş vaxtı qəfil yadına düşür ki, təcili evlənməlisən. Bu moment Frankfurt aeroportunda (Almaniya) olsaz, bəxtiniz gətirəcək. Toy mərasimini elə terminaldaca həyata keçirmək mümkündür. 1,5 min avro “tərləməli” olacaqsız amma. Bu məbləğə mərasimin təşkilatçılığı, professional fotoqrafın xidməti, toy tortu, hətta 15 nəfərlik qohum-qardaş üçün beşulduzlu oteldə yerləşdirilmə daxildir.
İsveçin Arlanda aeroportundan da subay çıxmamaq təhlükəniz var. Burada da xeyir iş üçün sizə keytrinq, Şampan şərabı, fotoqraf xidməti, özəl zallar, nikahı qeydə alan keşiş təklif olunacaq. Həyatınıza daha çox rəng qatmaq istəyirsizsə, aeroportun nəzarət qülləsində də subaylığınızla sağollaşa bilərsiz.
Yox, əgər əhd eləmisizsə toyunuz təyyarənin qanadı altında baş tutsun, onda gedin Mançesterin beynəlxalq aeroportuna. Orada “British Airways Concorde” məxsus təyyarə harayınıza çatacaq.
Almaniyanın Münhen aeroportu evləndirmir, amma orada çamadanlarınız qoltuğunuzda o ki var buz meydançasında sürüşə bilərsiz. Almaniyanı özünüzə ləyix bilməsəz, eyni şeyi ABŞ-ın Denver aeroportunda da etmək mümkündür.
Bakıdan Vankuverə (Kanada) uçarkən təyyarədə yatıb gördüyünüz yuxuları suya danışmaq istəsəz, elə aeroportdaca beynələxalq terminaldan axıb keçən bulağa ürəyinizi boşalda bilərsiz. Həmin o bulaq 20 növ balığa ev olan iri akvariumla tamamlanır.
Yorğun leşinizi Sinqapurun Çanqi aeroportundakı kəpənək bağına, gəzinti üçün yamyaşıl cığırlarına, 100-dən çox kaktus növü, orxideyaları, günəbaxanları olan bağına da ata bilərsiz.
San-Fransisko (ABŞ) aeroportunda eyninizi açmaq üçün xüsusi “Wag Brigade” fəaliyyət göstərir. Onun tərkibində əhliləşdirilmiş itlər, pişiklər, dovşanlar, hətta cuppulu donuz da var. Uşaqların başını qatmaq, uçuşdan hürkən adamları sakitləşdirmək üçün xidmət edir bu komanda.
Onsuz da gününüz ABŞ-ın Portland aeroportunda keçir. Orada olanda uşağınız lapdannan “Kinoya baxmaq istəyirəm” deyib fəryad etsə, bilin ki, bunun çarəsi var. Elə həmin aeroportda 17 nəfərlik kinoteatr fəaliyyət göstərir. Özü də havayı.
Hovuzlu, qolf klublu aeroportlar da var. Amma day ağ eləməyin. Elə sadaladıqlarım bəsinizdi.