Ötən dəfəki bitkimiz yüzilliklər gözləyib yağışın hesabına həyata qayıdırdı. Bu dəfəki çiçəyimiz isə onun tam əksidir. O da illərlə torpağın altında gözləyir. Amma yağışı yox. Yanğını!
Cyrtanthus brachysiphon (“od zanbağı” da deyirlər) Cənubi Afrikada bitir. Elə bir ərazidə ki, orada gül-çiçək əlindən tərpənmək olmur. Özü də biri-birindən gözəgəlimli. Bu cür şəraitdə tozlanmaq üçün rəqabət də güclüdür. Biçarə zanbağın da hövsələsi çatmır oturub gözləməyə ki, nə vaxt xalxın qurd-quşu gəlib bunu tozlandıracaq.
Çarəsini tapır. Ümumiyyətlə bitmir. İllərlə torpağın altında gözləyir. Nəyi? Yanğını. Və budur, 15 ildə ilk dəfə qızmar günəşə dözə bilməyən məkan od tutub yanır. Ətrafda demək olar ki, bütün bitkilər külə dönür. Od zanbağından başqa. Yanğından 4-cə gün sonra zanbaq başlayır torpağı dəlib üzə çıxmağa. 15 illik gözləmədən sonra.
Ətraf kül içində, rəqiblər məhv olub, bircə zanbağımız bərq vurur. Bütün quşlar da cumurlar onun üstünə. Onların sayı nə qədər çox olsa, zanbağın tozlanma şansı da bir o qədər artır.
Bir neçə aydan sonra ətraf yenə yaşıllığa bürünür, rəqiblər özünü yetirir və zanbağımız solaraq yenə torpağın altına çəkilir. Çəkilir ki, illərlə növbəti yanğını gözləsin.