Timsahlar şirin suların ən yırtıcı varlığı sayılırlar. Ərazilərinə xor baxanları böyrü üstə qoymağa hər zaman hazırdırlar. Lap begemotlar kimi. Tərslikdən hər ikisi çox vaxt bir-birilərinin qonşuluğunda olurlar.
Begemot ət yeməsə də nervləşəndə timsahı parçalamağa hər zaman hazırdır. Ən çox da böyründəki balasına qarşı təhlükə hiss edərsə. Və ya ərazisinə soxulan qonaqdan gözü su içməsə. Göründükləri kimi yöndəmsiz də deyillər. Saatda 40 km sürətlə qaçırlar. Yadınıza gəlir, demişdim, 2014-cü ildə Nigeriyada məktəblilərlə dolu qayığı aşırıb 12 uşağın həyatına son qoymuşdular. Çünki özlərinə qarşı təhlükə hiss etmişdilər.
Müşahidələr göstərir ki, timsahlar yox, begemotlar daha tez-tez insanlara hücum edirlər. Timsah da görür, eşidir axı bunları. Ona görə özü begemota birinci sataşmır. Hərçənd ki, ən güclü dişdəm sahibidir. Amma, məsələn, qonaqpərvərsiz begemotun ərazisinə soxulsa, ağzı 180 dərəcə açılan, dişdəm gücü 230 kq olan, 50-60 sm-lik dişli begemotun sayəsində bir neçə hissəyə bölünə bilər.
Begemotu qismən mərhəmətli də saymaq olar. Çünki xalxın timsahını parçalamamaq üçün əvvəlcə bəzi profilaktik tədbirləri görüb timsahlara siqnal göndərir ki, aaayna durun. Nə edir? Öz ərazisinə şəxsi eksklüziv nəcisini səpələyir. Elə ona görə ilk dəfə onları görüb sevincək ərazilərinə yaxınlaşanda sevincim burnumda qalmışdı. Qoxudan az qala ürəyim gedə. Nəcisi səpələyib qurtarandan sonra ürəyi soyumur. Kimyəvi tərkibli zəhərli maddələrlə dolu yaşıl rəngli sidiyini də desert kimi səpələyir böyür-başına.
Bu cür tədbirlərdən sonra da timsah gəlib ora girirsə, onda artıq üzr istəyib çəkir dişinə.