Asclepias variegata bitkisi var, Şimali Amerikada qeydiyyatdadır. Elə ki xəbər tutur Meksikadakı monarx kəpənəklərinin kütləvi gəlişi gözlənilir, tezbazar başlayır çiçək açmağa. Açır oturur hazır. Kəpənək də uçur gəlir gözlərinə inanmır ki, ilahi, bu nə cənnət guşədi mən düşmüşəm!
Çiçək kəpənəyi niyə gözləyər? Təbii ki, tozlanmaq üçün. Amma bu monarx kəpənəyi guya ağıllıdı da, bitkidən nektar çəkib, onu tozlandırmaq üçün yox, üzərinə sürfə qoymaq üçün istifadə edir. Fikirləşir ki, tupoy bitki onsuz da heç nə başa düşməyəcək, elə biləcək işim-gücüm qurtarıb, o boyda yolu tozlandırmaq üçün uçub gəlmişəm.
Amma müdrik bitkimiz heç də tupoy deyil. O bilir mənfur kəpənəyin məqsədini. “Həri, sən deyəndi, işində ol” deyib kəpənəyə mane olmur. Kəpənək düzür sürfələrini bitkinin üzərinə və uçub gedir. Kəpənək sürfələyəndən sonra moykaya gedib üst-başını yuyub təmizləmir ki, istəsə də, istəməsə də kişinin qızının üstünə qonubsa, deməli, onsuz da tozlandıracaq onu. Bitkiyə də elə bu lazım idi. Qalır sürfə məsələsi. Onlarla bağlı da bitki deyir ki, bunlar mənlikdi. Nə edir?
Sürfələrdən tırtıllar dünyaya göz açır, böyür-başlarında yamyaşıl yarpaqları görüb sevinclərindən gözləri yaşarır. Daraşırlar onlara. Elə ilk dişdəmində də tırtıl it kimi peşman olur. Çünki bitkidən çıxan yapışqan haqq-hesab baş-gözünə yayılır. Nəticə də çox tırtıl üçün acınacaqlı olur. Onların yalnız 1/3 hissəsi yapışqandan qurtulub əndamlı və güclü tırtıla çevrilir və qayıdır bitkiyə ki, indi gör başıva nə oyun açacam.
Gedir tapır bitkinin əsas gövdəsindəki uyğun hissəni, dəlik açır, yapışqan axıb gedir, bitki də olur gül kimi delikates. Ye ki yeyəsən!
Asclepias variegata-nın isə bu vandallıq vecinə də olmur, çünki yeyənlərin sayını yapışqanın sayəsində öncədən azaltmışdı. Tırtıla “Axır yeməyin olsun, üstündən su iç, boğazunda qalar” deyir və yaşmaqlanıb növbəti kəpənək dəstəsini gözləyir.