Asiya Davarbaşı adlı balıq cütlüyü Yaponiya, Koreya yarımadası sahillərində 1 metrlik, 14 kq-lıq əndamlarını mavi sularda yellədirlər. Yaponlar onlara Kobuday da deyirlər. 40 il yaşayırlar.
Mehribancasına da yaşayırlar. Övlad istehsal edib bəsləyir, hər axşam külfətini başına yığıb okean sularında gəzməyə çıxırdılar. İllər ötür, arvadın ölçüsü kritik həddə çatanda (təqribən 10 yaşında) fikir verir ki, kişinin nəsə göz-başı qaynayır, moment düşən kimi xalxın qızlarına pənah gətirir. Arvadın da bu, təbii ki, pisinə gəlir. Bir dözür, iki dözür, axırda day dözmür. Kişiyə “Səni mələr qoyasıyam, bunu bil!” deyib gedir birbaşa atası evinə.
Dədəsi evində bir neçə ay ərzində dişinin orqanizmində bəzi fermentlərin inkişafı dayanır, əvəzində erkək hormonları peyda olur. Bir müddət sonra alnındakı şiş də böyüyür, çənəsi də qabağa gəlir, özü də olur fil boyda. Və budur, handa bir xanım çevrilir olur cüssəli erkək. Xasiyyəti də dəyişir, olur bir qara it. Qayıdır gəlir ərigilə.
Uşaqları analarını bu viddə görüb tükləri biz-biz olur, ərinin şokdan çənəsi düşür okean dibinə. Elə “Xəstəsən? Bu nə viddi? Qardaşımsan, noldu sənə qəfildən?” demək istəyən ər bir də onda ayılır ki, keçmiş arvadı buna hücum edib ərazinin indi məhz ona məxsus olduğunu sübut etmək üçün davaya hazırlaşır.
Dava da baş tutur. Nəticədə keçmiş ərin ağzı müvəffəqiyyətlə cırılır və o məcbur olub təslim olur. Qalib arvad isə artıq heç də arvad deyil. O, indi “Mənəm! Mənəm!” deyən bir erkəkdir. Öz ərazisi və hərəmxanasıyla.
Belə hallar təkcə ailə-məişət zəminində yaranan problemlərdən qaynaqlanmır. Bu cür çevrilmələr həm də erkək-dişi populyasıyasının sayından da asılıdır: dişi azalanda erkək də çevrilib dişi ola bilər.