Planetimizin səthinin 70%-ni su təbəqəsi tutur. Bilirsiz bu təbəqənin ən zəhərli varlığı kimdir? Deyirəm.

Ümumiyyətlə “qutucuq meduza” deyəndə ağlınıza nə gəlir? Bankada saxlanılası ya da qurudulub broşka əvəzi taxılası başıaşağı, Allahın dilsiz-ağızsız meduzası? Yaxşı, bəs “dəniz arısı” deyəndə? O biri adıdı. 2-ci addan amma nəsə bir balaca qan iyi gəlir elə bil. Əslində isə bir balaca yox, əməllicə faciə dolu bir varlıqdır o.
Deməsəm də yəqin özünüz artıq başa düşdüz ki, bu meduza növü əcaib məxluqlar diyarı Avstraliyada veyillənir.

Gümbəzi 45 sm-dək, ən böyük fərdinin çəkisi 3 kq olan bu meduzanın vidindən heç vaxt deməzsən ki, о, nəinki meduzalar arasında, hətta Yer üzündəki zəhərli varlıqlar siyahısında at oynadır. Nazik, tel kimi qollarındakı zəhərlə 3 dəqiqə ərzində 60-dək insanın həyatını bir qəpiklik edib urvatsız ölümə məhkum edə bilər. Elə momentdə adam kupalnikini qoyur qabağına və özü-özünə sual verir ki, mən axı üzdüyüm yerdə niyə ölürəm? Özü şəffaf, açıq mavi rəngli, orqanizmi 98% sudan ibarət olduğu üçün böyrü-başında üzən insanlar onları heç görmür də. Görsələr də öpüb bağırlarına basarlar yəqin, çünki vid-fasonları həqiqətən çox ürəyəyatandır.

Hər biri 15 qoldan ibarət olan 4 ədəd əl-ayağı adi halda çox da uzun olmur: cəmi 15 sm uzunluqda və 5 mm qalınlıqda. Amma meduzanın ki beyni çöndü (məsələn, ov zamanı və ya hər hansı canlıyla təmasda olduğu vaxt) – qol-qıç olur 3 metrə.

Məhz elə bu 60 qolun hər biri tərkibində zəhər assortisi (sinir sonluqlarını mələdən tetramin, ürək və qan damarını incik salan talassin, allergik ödəm yaradıb ciyərləri OFF rejiminə salan kongestin, əsəb sistemini birdəfəlik məzuniyyətə göndərən hipnotoksin) olan külli miqdarda köpüklü hüceyrə qatı ilə örtülüb.
Zəhəri hər yetən-yetənə xərcləmir. Toxunduğu səthdən zülal təbiətli kimyəvi siqnallar gəldisə, üzrsüz-filansız sancacaq. Bəzi hallarda ani ölümlə nəticələnir bu şuluqluğu. Toxunmağıyla o dünyalıq olma arasındakı müddət 4-cə dəqiqə ola bilər. Deyilənə görə, eksklüziv hallarda bu müddət 1 dəqiqədən az da ola bilər. Ən posledniy zəhərli ilanda belə bu cür olmur. Bu halda insan kəskin ürək çatışmazlığından sahilə həsrət qalıb bata bilər. Elə bu səbəbdən də dəniz arısının zəhərinə tuş gələni xilas etmək çox çətin olur. Hərçənd ki, andıraqalmışa çarə qılan dərmanı da var.

Bu halda pessimist adam üçün salamatı olmazın qarğış sədaları altında sakitcə ölməkdir, məncə. Bir balaca optimist üçünsə dişdəm yerində ilişib qalmış qolları çıxarmaq pis olmazdı. Təbii ki, əvvəlcədən qoruyucu əlcəkdən istifadə etməklə. Çünki hətta bədənə yapışıb qalmış qollar belə oz nalayiq vərdişindən əl çəkmirlər. Lap qurumuş qol da olsa maye dəyən kimi yenə xoddana bilərlər. Bu meduzanın ölümündən 1 həftə keçməyibsə, ona toxunmaq hələ də təhlükəli ola bilər.

Amma yenə sağ olsunlar, qırmızı rəngli nəyəsə yaxın düşmürlər. Ona görə də bəzən çimərliklərdə suda qırmızı rəngli sipər çəkirlər, üzgüçülər də öz çimərlik qarderoblarında bu rəngə üstünlük verirlər.
Bircə dəniz tısbağasının vecinə də deyil bu meduzanın zəhəri. Rastına çıxanda basıb yeyir də onu.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir