Ağ kərgədan da var, qara kərgədan da. İntəhası nə qarasının rəngi qaradı, nə də ağının ağ. Elə ikisi də bozdur.
Ağ kərgədanın ilk adqoydusunda ona “Wide rhino” (geniş, enli kərgədan) adını verib yola salmışdılar. O da sevinə-sevinə qayıdıb savannaya təzə adıyla fors eləməyə. Amma gözügötürməyən qohum-qonşuları başlayıblar buna “wide” əvəzinə “white” deməyə, yəni “ağ”. O da əvvəlcə vecinə almıyıb hamıya hay verirdi. Vecinə alanda isə artıq gec olub, bir də onda ayılıb ki, ona ümumiyyətlə hamı elə ağ kərgədan deyir.
Buna ad qoyanda o biri qaraya hələ ad qoymamışdılar. Fikirləşiblər ki, nə var özümüzü əziyyətə salırıq, bu ağdırsa, o biri də elə qara olsun. O da olub qara.
İkisinə də baxsaz deyəcəksiz: “Eyni şeydilər”. Deyillər. Bəs necə ayırd eləmək olar onları?
Kərgədan görəndə mütləq əyilin dodaqlarına baxın. Əgər dodaqlar enli və yastıdırsa, deməli, bu, ağ kərgədandı. Qarasında sifətinin aşağı hissəsi azacıq üçbucaq formasındadır. Sonra qoyun ağ kərgədanla qarasını yan-yana, tellərini arxaya atıb alınlarına fikir verin. Buynuzundan qulaqlarına kimi olan məsafə ağda daha böyükdür. Ürəyiniz soyumasa bir az geriyə çəkilib qıraqdan tamaşa eləyin onlara: ağ qaradan daha iridir və hündürdür (2 metrədək boy, 3 ton çəki ağda, 1,6 metr boy, 2-cə ton çəki qarada).
Daha bir üsul da var. Onu artıq şir ürəyi yeyəndən sonra edə bilərsiz. Yaxınlaşıb əsəbləşdirin onları. Ağ vecinə almaya bilər sizi, amma qara yox. Qara bir himə bənddir ki, cumsun üstünüzə. Cumsa, düz xətlə qaçmayın, əyri xətlərlə qaçın. Elədə, sağ qalma ehtimalınız daha çox olacaq.
Ağlar dəstə halında yaşayırlar, qara isə təkbaşına. Ağın buynuzu konus şəkillidir (150 sm), qaranınkı isə trapesiya şəkilli (60 sm).
Hər iki kərgədan növünün sayı durmadan azalmaq üzrədir. Qaranın günü bu baxımdan lap qaradı. Onu görmək də daha çətindir. Vergili olduğuma görə mən gördüm amma (video).