Leylək deyəndə gözünüzün qabağına ağappaq quş gəlirsə, day gəlməsin. Bildiyimiz leylək obrazını darmadağın edib qara rənglisi ilə də tanış olma zamanı gəldi. Bugünkü leyləyimiz təkcə qara ilə kifayətlənməyib, acığımıza baş-gözünü sarı-qırmızı rəngə də boyayaraq psixikamızı pərakəndə şəkildə mələr qoyub. Bu, yəhərdimdikli leyləkdir. Bəli. Dimdiyində yəhərə bənzər zadı da var.
Ölçülərinə görə leyləkkimilər ailəsinin ən iri nümayəndəsidir. 1,46 m boy, 6 kq-dək çəki. Qol-qanad açma məharəti də 2,4 metr!
Yenə sağolsun ki, büsbütün qara rəngə boyamayıb özünü. Boğaz, baş, quyruq hissələridir ancaq. Əndamının qalan yerləri ismətli leyləyə xas olan ağ rəngdədir.
Bilmək olmur e, bəlkə də al-əlvanlıqda yaşadıqları Afrikaya bürünüb, ellə sürünmək qərarı veriblər… Çünki bu rəng çalarları həm dişilərdə var, həm də erkəklərdə. Yəni xalxın qızının başını bişirmək üçün də nəzərdə tutulmayıb bu rəngarənglik.
Alimlər də elə təzə oturubmuşlar ki, baş sındırsınlar görsünlər nə məsələdi bu, birdən yadlarına düşüb ki, onların heç dimdiyindəki yəhərin də təminatından xəbərləri yoxdur. Həvəsdən düşüb bu işi boş buraxıblar. Başlayıblar dəxlisiz şeyləri öyrənməyə ki, ay neçə dənə yumurta qoyurlar (2-3 dənə), nə bilim, həyatları boyunca cütlük bir yerdəmi qalır, ya yumurtaları yerbəyer edəndən sonra ayrılırlar (əslində bir yerdə qalırlar), balaları da doğulanda rəngbərəng olur, ya yox (yox, olmur) və s.
Belə sıravi suallara cavab tapıb lövbərlərini kos qoyub rahat oturublar alimlər.
Yeri gəlməmişkən, leyləklərlə qədim Sparta arasındakı oxşarlıqdan xəbəriniz var? Deyim gözdən salım mələk kimi quşları?