Tuareq deyəndə elə ancaq Volkswagen yadınıza düşür? Bir maraqlanmamısız bu ad hardan zad olub? Gəlin, maraqlandırım.
Tuareq – Əlcəzair, Liviya, Niger, Mali, Burkina-Fasoda yaşayan köçəri xalqın adıdır. Özlərinə “Kel Tamasheq” deyirlər, tərcüməsi də “Tamaşek dilində danışan xalq” deməkdir. “Tuareq” adını isə biz, onlar, o birilər düz-qoş eləmişik onlara.
Çox maraqlı sosial strukturları var. Həm qadınlara sərf edir, həm kişilərə. Vərəsəlik ana xətti boyunca gedir (matrilinearity). Uşaqlar ata deyil, ananın klanına aid olurlar. Qadınlar özlüyündə yüksək statusa malikdirlər. Öz əmlakları ola bilər, təsərrüfatı istədikləri kimi idarə edə bilərlər, darıxıb boşanmaq istəsələr – bunu da rahatlıqla kişi tərəfə bildirə bilərlər. Boşananda da bütün əmlakını dəvəyə yükləyib, uşaqları da qoltuqlarına vurub ata evinə qayıdırlar. Təkrar ərə gedə bilərlər. Ex-kişisinin də dirsəyi çatır ona mane olsun!.. Sevib evlənirlər. Valideynlər çox nadir hallarda buna müdaxilə edirlər. Cehizi kişi gətirir. Amma xanımının şəxsi əmlakına çevrilir.
Tuareq kişiləri üzlərini lişamla bağlayırlar, qadınlarsa yox. Sboy gedib? Yox, əlbəttə. Bunun da səbəbi var.
Birincisi, qadınlardan fərqli olaraq qızmar səhrada daha çox olduqlarına görə qum, günəş süalarından qorunmaq üçün edirlər bunu. Həm də kişi soyuqqanlı olmalı və duyğularını gizlətməlidir. Üzlərindıki lişam yetkinlik və ləyaqət rəmzi də sayılır kişilərdə. 15-20 yaşına çatan gənc oğlanlar yavaş-yavaş yaşmaqlanmağa start verirlər. Dədə-babasayağı səbəbləri də var bunun. Məsələn, hesab edirlər ki, lişam simvolik olaraq onları cinlərdən, gözə gəlməkdən də qoruyur. Bu moment lişamsız gəzən qadınlar cinlərlə necə dil tapırlar – müəmmalı qalıb.
Qadınlar, qeyd etdiyim kimi, yüksək statusa malikdirlər və lişam filan hərləmirlər. Başlarını yaylıqla bağlaya bilərlər, amma üzlərini tam örtmürlər. Tuareq mədəniyyətində qadınlar həm də özlərinə ömür-gün yoldaşı seçməkdə sərbəstdirlər. Tanışlıq üçün ilk addımı atıb gədəni bişirə bilərlər.
Tuareqlərə həm də “səhranın göy insanları” da deyirlər. Qiyafələrinin rənginə görə. İslam dini VII əsrdə gəlib çıxıb tuareqlərə. Amma şamanları, ruhları da yaddan çıxarmırlar.
Çox qonaqpərvərdilər. Qonaqlarından zəhlələri belə getsə, “kimsən? nəçisən?” soruşmadan onlara qalmağa yer, yemək təklif edirlər. Hətta bir-biriləri ilə qırğında olan klanlar 1 gecəlik qonaq kimi qəbul olunurlar.