Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangire, Nqoronqoro, Lake Manyara, Aruşa (Tanzaniya)

Tanzaniyanın Zənzibar adası barədə ayrıca xəbərçilik etmişdim. Bəs ümumilikdə Tanzaniyanın özündə nə var, nə yox?

🏝 «Biri az olar» deyib iki paytaxt yaradıblar: tarixi paytaxtı olan Dar Əs-Salaam inzibati mərkəzi, qanunverici paytaxtı isə Dodoma şəhəri.

🏝 «Tanzaniya» sözü ölkəni təşkil edən iki keçmiş koloniyanın adlarından əmələ gəlib: Tanqanika və Zənzibar.

🏝 Hələ 19-cu əsrdə hər ay Tanzaniyadan 3000-dək adam qul kimi başqa ölkələrə aparılırdı.

🏝 Əhalisi 50 milyonadəkdir. Amma onların cəmi 2%-i 60 yaşınadək yaşayır.

🏝 Rəsmi dilləri – ingilis dili və suahilidir. Rəsmi məlumata görə, əhalinin 5%-dən az bir hissəsi ingilis dilində danışa bilir. Amma, sözün düzü, orda olduğumuz müddətdə ünsiyytədə olduğumuz hər kəs ingiliscə bilirdi.

🏝 Dünya üzrə vəhşi heyvanların hər kvadrat kilometrə toplanmasına görə ən yüksək göstərici elə Tanzaniyadadır: ölkə ərazisində 4 milyon fərdədək vəhşi heyvan növü var.

🏝 Ölkənin şimal-şərqindəki Kilimancaro dağı Afrikanın ən hündür dağıdır (5895 m).

🏝 Tanzaniyanın ərazisinin 30%-ni qoruqlar təşkil edir. Ölkədə cəmi 12 milli park, 13 qoruq və 38 qorunan təbii ərazi var.

🏝 Dünyada ən böyük krater də bu ölkədədir: Nqoronqoro kraterinin ərazisi 264 kv km-dir ki, bu da bəzi kiçik öplkələrin ərazisindən də böyükdür. Yeri gəlmişkən, «nqoro» kergədan deməkdir, amma bəxtimizdən bir dənə də nqoro görmədik, dedilər hava çox istidir, yatırlar kölgəlikdə.

🏝 Ölkə ərazisində 162 müxtəlif qəbilə yaşayır.

🏝 1946-cı ildə Zənzibar adasında dünyaca məşhur müğənni, «QUEEN» qrupunun solisti Freddi Merküri anadan olub.

🏝 Tanzaniyanın qərbindəki Tanqanika gölü dünyada Baykal gölündən sonra ikinci ən dərin göl sayılır.

🏝 1962-ci ildə Tanzaniyada gülüş epidemiyası yayılıb. 1000 nəfərədək adam 18 ay ərzində bir saatdan bir neçə gün müddətinədək gülə-gülə yaşayıblar. Epidemiyanın yaranma səbəbini hələ də bilən yoxdur.

🏝 Tanzaniyalılar özlüyündə çox gənc millətdir. Əhalinin cəmi 2,5%-i 65 yaşından yuxarıdır. Orta yaş həddi isə 18 yaşdan da aşağıdır.

🏝 Tanzaniyada albinoslar başqa ölkələrə nisbətən daha tez-tez doğulur. Dünya üzrə bu göstərici 1:20 000 olduğu halda, Tanzaniyada 1:3000-dir.

🏝 1896-cı ilin avqustun 27-də müasir Tanzaniyanın ərazisində İngiltərə-Zənzibar müharibəsi baş verib. Bu müharibə tarixə ən qısa müharibə kimi düşüb. Çünki cəmi 38 dəqiqə davam edib. Böyük İngiltərə ordusuna qarşı cəmi 1 topla çıxan zənzibarlılar qəhrəmancasına 38 dəqiqə döyüşüblər. Kişi kimi də darmadağın ediliblər.

 Ökədə ən populyar idman növləri futbol, voleybol və boksdur.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir