“Hamınızdan zəhləm gedir” sifətinin sahibi kimdi? Manuldu!
Manulun ingiliscə adı Pallas’s cat, elmi adı Otocolobus manuldu. Əsasən Mərkəzi Asiyanın soyuq, quraq çöllərində və dağlıq ərazilərində – Monqolustan, Çin, Qazaxıstan və ətraf regionlarda yaşayır.
Kök deyil ki. Bunun yarısı pişikdirsə, yarısı şubadı… Şəkildə yekə, girdə, 10 kiloluq pişik təsiri bağışlasa da, çəkisi təxminən 2–5 kilo civarındadı. Yəni təxminən adi ev pişiyi boydadı. Sadəcə, o qədər sıx xəzi var ki, adamın gözünə ikiqat böyük görünür.
Üstəlik, manul pişikkimilər arasında ən sıx xəzlərdən birinə, hətta deyərdim ən sıx xəzə sahibdi. Bu şuba boşuna deyil: yaşadığı ərazilərdə qış temperaturu −50°-yə qədər düşə bilir. Qarnının altındakı tüklər də xüsusilə uzun və sıxdır ki, soyuq torpaqda və qarda bədəni izolyasiya etsin. Arada əl-ayağı üşüməsin deyə o toppuş quyruğunun də üstündə oturur.

Amma qəribə paradoks var: soyuğa dözümlüdür, dərin qardansa zəhləsi gedir. Ayaqları nisbətən qısa olduğundan qalın qar örtüyündə hərəkət edəndə zülm çəkir. Davamlı qarın təxminən 15–20 sm-dən artıq olması onun yaşayışını məhdudlaşdıra bilir.
O məşhur “həyatdan bezmiş” sifətinin bir səbəbi də baş quruluşudur. Qulaqları balaca, yumru və başının yanlarında aşağı yerləşir. Bu quruluş qayaların və otların arasından ətrafa baxanda gizlənməyə kömək edir.
Gözləri də maraqlıdır. Bir çox xırda pişikdə güclü işıqda göz bəbəyi şaquli yarıq formasına düşür. Manulda isə bəbək daha dairəvi qalır. Ona görə sifətinə baxanda bəzən pişikdən çox narazı bayquş təsiri bağışlayır.

Sprinter deyil. Bədəni yığcam, ayaqları qısadır və uzun məsafəli sürətli qaçışa uyğunlaşmayıb. Təhlükə görəndə əsas taktikası qaçıb rekord vurmaq yox, qayaların arasına və yuvalara çəkilmək, yaxud yerində donub kamuflyajına güvənməkdir.
Əsas menyusunda pikalar — dovşanların balaca qohumları — mühüm yer tutur. Bundan başqa müxtəlif gəmiricilər, quşlar və həşəratlarla da qidalanır.
Ev məsələsində də çox zəhmətkeş deyil. Qaya yarıqlarından, mağaracıqlardan, marmot və başqa heyvanların tərk etdiyi yuvalardan istifadə edir. Bu sığınacaqlar ona yatmaq, balalamaq, soyuqdan və yırtıcılardan qorunmaq üçün lazımdır.

Manul tək yaşamağa üstünlük verir. Erkəklə dişi əsasən çoxalma mövsümündə görüşür. Qalan vaxt sosial fəlsəfəsi təxminən belədir: “dəymə mənə, dəyməyim sənə.”
Hamiləlik təxminən 66–75 gün çəkir. Adətən bir neçə bala doğulur; çox vaxt 3–4 bala, amma daha böyük balalama halları da qeydə alınıb. Yay qısa olduğuna görə balalar sürətlə böyüməlidirlər.
Bir maraqlı detal da səsidir. Manulun çıxardığı bəzi səslər balaca itin deyinmə səsini, ya da hansısa cütdırnağlı ev heyvanının səsini xatırlada bilir.
Sifəti yumşaq oyuncaq kimi görünsə də, manul ev pişiyi deyil. Tamamilə vəhşi həyata uyğunlaşmış növdür və ev heyvanı kimi saxlamaq üçün uyğun deyil.
“Pallas’s cat” adı alman naturalisti Peter Simon Pallasdan gəlir. O, bu pişiyi 1776-cı ildə elmi şəkildə təsvir edib.

