Karakal pişikkimilər fəsiləsindəndir. Ona tez-tez “səhra vaşağı” desələr də, vaşaq zad deyil. Adı türkcədəki “karakulak” sözündən gəlir. Afrika boyunca, Ərəbistan yarımadasından Yaxın Şərqə və Hindistanın şimal-qərbinədək yayılıb. Üstəlik “səhra vaşağı” adına aldanmayaq: əsl qumlu səhralardan çox savanna, yarımsəhra, kolluq, quru meşə və qayalı əraziləri xoşlayır.
Qulaqlarındakı o qara “şotkalar” nə üçündür? Ən maraqlısı budur ki, dəqiq bilən yoxdu. Fərziyyələr var, amma elm bunu qəti həll etməyib. Karakalların qulaqları ilə bir-birinə vizual siqnallar verdiyinə dair müşahidələr var; həmin tüklərin də ünsiyyətdə rol oynaması ehtimal edilir.
Amma eşitməsi həqiqətən çox yaxşıdır və xırda ovu təkcə səsinə görə də aşkarlaya bilir.

Karakalın əsas supergücü ayaqlarıdır. Arxa ayaqları uzun və çox əzələlidir. Yerindən təxminən 3 metr hündürlüyə tullana bilir. Ən məşhur ov üsullarından biri də budur: quş sürüsünə yaxınlaşır, quşlar havaya qalxanda karakal da onların dalınca şaquli sıçrayır və havadaca caynağı ilə vurub tutur. Hətta bəzən bir sıçrayış zamanı 12-dək quş tuta bilir.
Əsas yeməyi gəmiricilər, dovşankimilər, quşlar, kiçik antiloplardır. Amma karakal öz çəkisindən 2–3 dəfə ağır ovları da böyrü üstə qoya bilir; cavan kudu, ceyran və hətta yetkin springbok kimi iri ovlar qeydə alınıb. İlan, kərtənkələ, əqrəb və həşərat da menyuya düşə bilər. Hətta çaqqal, tülkü, manqust və başqa kiçik yırtıcıları da.
Bəbir kimi, karakal da bəzən artıq qalan ovunu ağacın budaqları arasında və ya sıx kolluqda gizlədir ki, itə-qurda qismət olmasın, sonra qayıdıb yeməyə davam edir. Özü də yaxşı ağaca dırmaşır. Quraq ərazilərə uyğunlaşdığı üçün lazım gəldikdə ehtiyac duyduğu nəmin xeyli hissəsini yediyi ovdan ala bilir. Amma bu, “karakal heç vaxt su içmir” demək deyil — su olan yerlər onun üçün əhəmiyyətlidir və həmin yerlərdə ov da çox olur.
Əsasən tək yaşayır və çox vaxt gecə və alaqaranlıqda aktivdir. Ancaq insanlardan uzaq yerlərdə gündüz də gəzir; qışda gündüz fəallığı arta bilər.
Adi pişik kimi miyoldaya, fısıldaya, mırıldaya, xırıldaya bilir. Amma cütləşmə zamanı bəbirin səsinə bənzədilən qəribə öskürəkvari çağırış da çıxarır.

Belə baxanda ağır oğlan təsiri bağışlayır. Amma söhbət arvad məsələsinə gələndə vəziyyət bir az dəyişir. Karakalların sabit “ər-arvad” həyatı yoxdur. Bir dişinin dalınca bir neçə erkək düşə bilər. Erkəklər arasında qırğın ola bilər, amma seçimdə dişinin də rolu var və müşahidələrdə onun daha iri və yaşlı erkəklərə üstünlük verdiyi göstərilib.
Dişi bir cütləşmə dövründə bir neçə erkəyi yola verə bilər. Təxminən bir həftə ərzində seçilmiş cütlük bir neçə gün birlikdə hərəkət edir və bu müddətdə dəfələrlə bir adlarını iki eləyirlər. Bir haqq-hesab adətən 5 dəqiqədən az çəkir. Erkək sonra durur düzəlir yoluna. Balaların böyüdülməsində erkəyin məlum bir rolu yoxdur. Bütün işi ana görür.

Hamiləlik mənbədən və populyasiyadan asılı olaraq təxminən 68–81 gün göstərilir. Adətən 1–6 bala mümkündür, vəhşi təbiətdə çox vaxt üçdən artıq olmur. Ana mağara, ağac boşluğu, sıx bitki örtüyü və ya başqa heyvanın tərk etdiyi yuva kimi qorunan yer seçir.
Balalar təxminən 9–10 aylığında müstəqilləşir.
Karakal ölçüsünə baxanda çox güclü yırtıcıdır: erkəklər təxminən 18–20 kq-a çata bilir. Melanistik, yəni demək olar qara karakallar da qeydə alınıb, amma çox nadirdir. Bir də maraqlı tarixi detal: insanlarla münasibəti yalnız “ovçu–zərərverici” olmayıb. İran və Hindistanda vaxtilə onları ov üçün öyrədirdilər. Yəni bir növ aristokratların ov pişiyi olub.

