© Kiyoto, Yaponiya
Günü-güzaranı səyahətlərdə keçənlər bir ağızdan deyirlər ki, səyahət üçün külli miqdarda pul lazım deyil. Məlumat axtarıb tapmaq həvəsiniz olsa – bu, yetərlidir. İnanımmı inanımmı? Baxaq görək.
1. TURŞİRKƏTDƏN VAZ KEÇİN, ÖZÜNÜZ SƏYAHƏT EDİN
Turşirkətlərin xidmətlərindən imtina edib, özünüz səyahət etsəz, bir xeylaq pula qənaət etmənizdən əlavə, həm də daha maraqlı səfər yaşaya bilərsiz. Düzdür, bu halda səyahətdə hər hansı problemlə qarşılaşsaz, onu da özünüz həll etməli olacaqsız, amma turşirkət də bir çox hallarda yaranmış problemli situasiyadan aradan çıxmağa cəhd göstərir və ya problemin həll olunmasında gücsüz olur. Məsələn, turşirkətlə getdiyim son səyahətdə əlimdə Keniyaya giriş üçün onlayn vizam olduğu halda, sərhəddə Azərbaycan vətəndaşları üçün onlaynla alınmış deyil, yalnız səfirlikdən alınmış vizanın gərəkli olduğunu deyib deport etdilər. Üzdülüyümə salıb 2 saatlıq yol gedərək o biri səmtdəki girişdə də cəhd göstərdim. Orda 1-cidən də betər deport etdilər. Turşirkətin nümayəndəsi də, sərhəddə bir az dil tökdü oranın əməkdaşlarıyla, sonda da dedi ki: «Biz tay gedək». Dəstəni də yığdı getdi. Mənciyəz də qaldım yalqız. Və ya Yaponiya səfərində dostum qeybə çəkilmişdi, zənglərə cavab vermirdi, artıq yola düşmək zamanı idi, turşirkətin rəhbəri yenə çiyinlərini çəkdi. Yaxşı ki, sonda, nəhayət, tapıldı (hansısa oteldə yıxılıb yatmışdı). Tanzaniyaya da turşirkətin xətti ilə getmişdim. O ki, bir çox səhifələrdə yazırlar e – Tanzaniyada vətəndaşlarımıza vizanı sərhəddə verilirlər, cibimizə də 5-10 dollar basırlar təşəkkür əvəzi ki «Çox sağ olun ki, bizim ölkəyə gəldiz» – o da boş söhbətdi. Tanzaniya gömrükçüləri sərhəddə o qədər halıma acıdılar ki, ürəyim ağrıdı lap onlara. Amma yenə deport elədilər ki, «vətəndaşlarınız dəvət ya vizayla gəlməlidirlər». Yəni sözüm ondadır ki, turşirkətlə də gedəsi olsaz, çox vaxt yaranmış problemlə elə özünüz baş-başa qalacaqsız.
Özünüzün etdiyiniz səyahətdə xəyallarınızın marşrutunu da özünüz cızırsız, uçuş üçün də pul kisənizə uyğun bilet, otel seçirsiz və s. Tələsdirən yox, vaxtı güdən də yox. Ən önəmlisi də, səyahətə xərclədiyiniz pul qat-qat ucuz başa gəlir.
© Ukrayna
2. PLANLAŞDIRIN
Səyahətinizi nə qədər qabaqcadan planlaşdırsaz – maliyyə baxımından bir o qədər çox qabaq düşəcəksiz. Təyyarə uçuşları, dəmiryolu qatarına bilet, otel rezervasiyası, müxtəlif tədbirlərə bilet, konsert, festivallar… Məndə bu hazırlıq 5-6 ay öncə start verir. Avropada qatar biletlərinə satış bir neçə ay öncə başlanır. Satışın ilk günlərində də standart qiymətlərdən 2-3 dəfə daha ucuz bilet almaq olur. Həm də növbələrdə dayanmaqdan qurtula bilərsiz.
© Azor adaları, Portuqaliya
3. YOL XƏRCLƏRİNƏ QƏNAƏT EDİN
Yollarda xərclədiyiniz pullar səyahətin ən çox pul aparan hissəsidir. YANDROUKI.BY saytında təyyarə, dəmiryolu, avtobus biletlərinə, avtomobil icarəsi və qalmaq üçün yerlə bağlı olan çoxsaylı endirimlər olur. Sayt özlüyündə heç bir turist xidməti təşkil etmir, yalnız endirimlər barədə məlumat verərək, xidməti təqdim edən şirkətlərin saytlarına birbaşa keçidləri verir.
© Entebbe, Uqanda
4. UCUZ BİLET AXTARIŞI İLƏ GOOGLE-Nİ DARMADAĞIN EDİN
Əslində, bunun üçün çox vaxt 1-2 səhifə də bəs edir. Məsələn, gül kimi KIWI. O ki, sual verirsiz e «Filan yerdən filan yerədək ucuz bileti necə ala bilərəm?» – cavabı elə bu səhifədədir. Ən mümkün istiqamətlərdə ən ucuz aviabiletləri sizin üçün hazır edəcək.
© Serengeti, Tanzaniya
5. AEROPORTDAN OTELİNİZƏDƏK MƏSAFƏDƏ QƏNAƏT EDİN
Demək olar ki, bütün aeroportlardan mərkəz hissəyə taksi ilə deyil, avtobusla da getmək olar. İnternetdə əvvəlcədən axtarıb tapın görün hansı şirkətlərin avtobusları bu və ya digər aeroportdan mərkəzə hərəkət edir.
Yox, dirəşib taksi ilə getmək istəsəz, taksini aeroportda axtarmayın, çünki oradakılar sizi, adətən, daha baha qiymətə aparmaq həsrətində olacaqlar. Aeroportdan otelinizə beynəlxalq transfer şirkətlərinin təqdim etdiyi xidmətlərdən yararlanaraq da çata bilərsiz. Məsələn, KIWITAXI, HolidayTaxi. Aeroportda həmin şirkətlərin əməkdaşları üzərində adınız yazılmış lövhəylə sizi qarşılayacaq. Ödənişi bank kartı ilə də edə biləcəksiz.
© Kosta-Rika
6. GÜL KİMİ HOSTELLƏR
Hostel həm ucuzdur, həm yeni insanlarla rahat tanış olmağınız üçün gözəl məkandır. Mən, məsələn, Barselonanın düz mərkəzində, yaxşı şəraitli, səhər yeməkli hosteldə qalırdım. Minimal məbləğə.
Ailə ilə səyahət edirsizsə, bu halda apartamentlərə üstünlük verin. Makedoniyada icarəyə götürdüyüm apartamentə otelə verəcəyim məbləğdən ikiqat ucuzunu verdim. Gül kimi də ev idi. Belə olan halda, lap supermarketdən ərzaq alıb özünüz evdə yemək də hazırlaya bilərsiz. Restoran filana da getmək olar 1-2 dəfə, amma gündəlik restoranları zəbt etsəz, əlbəttə, bir xeylaq xərcləməli olacaqsız.
© Uqanda
7. QALMAQ ÜÇÜN ALTERNATİV ŞƏRAİTDƏN BƏHRƏLƏNİN
Aqroturizm deyilən bir şey var. Havayı qalmaq üçün yer, yemək, əvəzində də ev yiyəsinə gün ərzində bir neçə saat kömək etmək. Məsələn:
HELP EXCHANGE resursunda dünyanın müxtəlif yerlərindən olan adamlar fermada filanda bir neçə saat işin müqabilində turistlərə qalmağa yer və qida təklif edirlər.
WWOOF 70-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatdır ki, turistlərə orqanik ferma, bağçalarda işin müqabilində qalmağa yer və yemək-içmək təklif edir.
COUCHSURFİNG-i çoxlarınız eşitmisiz. Səhifədə qeydiyyatdan keçirsiz, gələn qonaqları evinizdə qəbul edə və ya özünüz səyahət zamanı həmin qəbuldan faydalana bilərsiniz.
HOUSECARERS isə uzun müddətə harasa getmiş ev yiyəsinin evinə nəzarət etmək imkanı verən səhifədir. Həm də qalmağa yeriniz olur.
© Tarangire, Tanzaniya
8. DƏYİŞ-DÜYÜŞLÜ MƏZUNİYYƏT
Çox adam səyahətə çıxma ərəfəsində AİRBNB saytı vasitəsilə öz evini icarəyə verir, özünüz gəzib-dolanırsız, evinizdə qalanın ödənişi də kartınıza oturur. Və ya evinizi pulsuz-parasız müvəqqəti dəyiş-düyüş edirsiz: məsələn, Almaniyadan filankəs gəlib sizin evdə qalır, Siz isə filankəsin Almaniyadakı evində. Bu cür xidmətlər təklif edənləri aşağıdakı saytlarda tapmaq olar:
Rusdilli OBMENDOMAMI resursu keçmiş SSRİ üzrə bu cür təklifləri yerləşdirir.
© Uqanda
9. PULSUZ-PARASIZ ƏYLƏNCƏLƏR
Yola düşməzdən əvvəl gedəcəyiniz yerdə hansı pulsuz əyləncə tədbirlərinin keçiriləcəyi ilə maraqlanın. Festivallar, konsert proqramları, açıq qapı günləri, ekskursiyalar… Bütün bunları çox vaxt böyüklü-kiçikli şəhərlərdə tapmaq mümkündür. Məsələn, elə Bakının özündə də tursitlərə pulsuz ekskursiya təklif edən qruplar var. FREETOUR saytında pulsuz piyada turlar barədə məlumat almaq olar.
© Uqanda
10. BİR AZ ÇEVİK OLUN
Eksperimentlərdən, qəfil marşrutu dəyişməkdən çəkinməyin. Əvvəlki yazımda qeyd etmişdim, imkan varsa tam tur mövsümündə səyahətə çıxmayın, mövsümün sonuna və ya mövsümün başlanmasına 1-2 həftə qalmış həm turist axını az olur, həm də qiymətlər çox ucuzlaşır. Bu minvalla pula 50%-dək qənaət etmiş olarsız.
BƏS SİZ SƏYAHƏT ZAMANI HANSI QƏNAƏT ÜSULLARINDAN YARARLANIRSIZ?