📷 Fotoları çəkdiyim məkanlar: Nyu-Dehli, Hindistan
Hindistan özü kontrast dolu ölkədir. Məkanlarından tutmuş ta əhalisinədək. Otelimizdəki hündürboy, gözləri qıyıq mühafizəçidən hindistanlı olmadığını boynuna qoyanda dedi ki, «Get işinlə məşğul ol, elə əsl hindistanlıyam». Nyu-Dehlidə gəzib-dolaşdığımız vaxt da gördüyümüz abidələrin çoxsu müsəlman abidələri idi. Elə Hindistanın 7-ci möcüzəsi sayılan 72,6 metrlik Qütb-Minar minarəsi də. Dünyada ən hündür minarədir. Orta əsrin hind-islam arxitekturalarının gözəgəlimli abidələrindəndir. UNESCO da onu göz bəbəyi kimi qoruyur.
➖ Hindistanın ilk müsəlman hökmdarı Qütb ud-Din Aybek əfqan Cam minarəsini görəndən sonra «Xeyir ola?!» deyib 1193-cü ildə Camı geridə qoya biləcək Qütb-Minarın tikintisinə start verib. Amma sağlığında onun ancaq fundamentini bitirməyə nail olub. Onun varisi İltutmiş daha 3 yarusu, 1368-ci ildə isə Firuz-şah Tuqlak axır ki, minarənin tikintisini sona çatdırıb.
➖ Minarənin giriş hissəsindəki 7 metr hündürlükdə, naməlum dəmir qatışığından, 6,5 tonluq Dehliyə açılan dəmir sütunu olan Ala-i-Darvazanı da Hildi sülaləsindən olan Dehlinin ilk sultanı Alauddin tikdirib. Bu sütun bir dəfə də olsa korroziyaya uğramayıb.
➖ Öz birbaşa missiyasından əlavə bu minarə həm də islamın qüdrətini nümayiş etdirən qələbə qalası kimi də istifadə olunurdu. Bundan əlavə ətrafı nəzarət altında saxlayan tikili kimi də.
➖ Minarənin aşağı hissəsinin diametri 14,74 metr, yuxarı hissəsi isə 3,05 metrdir. Qurandan surələr halqa şəklində minarənin üzərində həkk olunub.
➖ Alauddin Hildi sonradan iştaha gəlib bu minarəni hündürlükdə 2 dəfə ötüb keçə biləcək Ala-i-Minar minarəsini də tikdirmək fikrində olub, amma cəmi 24 metr tikildikdən sonra hökmdarın ölümüylə əlaqədar tikinti işləri yarımçıq qalıb.
➖ Minarənin bir vaxtlar gümbəzi də olubmuş, amma 1803-cü ildəki zəlzələ nəticəsində sökülüb. Bərpa etmək cəhdləri olsa da, bu, mümkün olmayıb.
➖ Əfsuslar olsun ki, çoxsaylı sui-qəsdlərin ucbatından minarənin içərisinə daxil olmaq mümkün deyil.